Sosial şəbəkələr beynəlxalq standartlarla işləyir -Mütəxəssis

“Azərbaycanda sosial şəbəkələr haqqında qanunun qəbul edilməsinə ehtiyac yarandığını düşünürəm”.
Bunu deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, sosial şəbəkələr ölkəmizdə cəngəllik qanunları ilə idarə olunur: 
“İctimai rəy sosial şəbəkələr vasitəsilə manipulyasiya edilməkdədir. Artıq bir neçə inkişaf etmiş ölkə bununla bağlı qanunlar qəbul edib. Biz də bu barədə düşünməliyik”. 

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Sherg.az”a açıqlamasında söyləyib ki, sosial şəbəkələr beynəlxalq standartlarla işləyir:

''Onlar qeydiyyatdan keçdikləri ölkədən savayı, başqalarının qanunlarına tabe olmurlar. Ümumiyyətlə, prosses hər bir ölkədə belədir. Sosial şəbəkələrin hər bir ölkəyə uyğun qanunvericilk bazasına eyniləşməyi o qədər də real deyil. Azərbaycanda bununla bağlı hansısa qanun tənzimlənməsi ölkəmizin internet seqmentinin fəaliyyəti ilə bağlı ola bilər. Yəni, bloger, tiktoker və yaxud yutuberlərin söz azadlığına təsir etmədən qanunvericilik əsasında fəalliyyət göstərmələri tələb olunur. Çünki böyük sosial şəbəkələrin çoxunun Azərbaycanda rəsmi ofisi yoxdur. Onlar ölkəyə vergi ödəmirlər. Təbii ki, qeyri-rəsmi müstəvidə münasibətlər var. Həmin sosial şəbəkələrin rəsmi distribüteri olsaydı, Azərbaycandakı sosial şəbəkədə baş verən insidentdə bizə kömək edə bilərdilər. Bu istiqamətdə çoxlu cavabsız qalan suallar var. Məsələn, tənzimləmə qanunu yaratsaq, bu kimləri hədəf alacaq? Qanun hansı motivlər əsasında yaradılacaq? Burada beynəlxalq standartlar mövcuddur. Mövzular isə araşdırma tələb edir. Çox ehtimal, motivlər bəlli olduqdan  sonra vəziyyəti daha yaxşı şərh etmək mümkündür. Qeyd edim ki, Azərbaycanda baş verən hadisələrdə heç bir sosial şəbəkə məhkəmələrlə razılaşmır. Nisbətən "Youtube" qərarlara hörmətlə yanaşır. Bütün bu müstəvidə yaxşı araşdırma aparılaraq qərar qəbul edilməlidir".

İT üzrə mütəxəssis Elvin Həsənov isə deyib ki, sosial şəbəkələrin cəmiyyətdə getdikcə daha təsirli rol oynaması həm müsbət, həm də mənfi cəhətlərə malikdir:

''İnsanların məlumat əldə etməsi, ünsiyyət qurması və müxtəlif mövzularda fikir bildirməsi üçün geniş imkanlar yaratdığı kimi sosial media platformaları həm də yalan məlumatların və manipulyasiya cəhdlərinin yayılmasına da zəmin hazırlaya bilir. Deputat İskəndərovun qeyd etdiyi kimi, sosial şəbəkələr vasitəsilə ictimai rəyin manipulyasiya edilməsi ciddi narahatlıq doğurur. Bu növ halların qarşısını almaq üçün müəyyən hüquqi mexanizmlərin tətbiqinə ehtiyac yarana bilər. Burada balanslı yanaşma tələb olunur, çünki tənzimləmə ilə azad söz azadlığı arasında bir tarazlıq tapmaq lazımdır. Düşünürəm ki, sosial şəbəkələrə qlobal qanunlardan fərqli olaraq, müəyyən bir ölkənin unikal dəyərlərinə uyğun qaydalar təyin edilə bilər. Məsələn, platformalar Azərbaycanda yayılan məzmunun yerli qanunvericiliyə uyğunluğunu təmin etmək üçün öz daxili nəzarət mexanizmlərini inkişaf etdirə bilər. Habelə sosial şəbəkələrdə yayılan məlumatların doğruluğunu qiymətləndirmək üçün insanlara daha çox məlumatlandırma lazımdır. Xüsusilə gənclər arasında rəqəmsal savadlılığın artırılması sosial medianın zərərli təsirlərinin qarşısını almaqda mühüm rol oynaya bilər''.