Ermənistanın Nazirlər Kabineti Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə reqlamenti ratifikasiya üçün parlamentə göndərib. Bu barədə “Hraparak“ nəşri xəbər yayıb. O da bildirilib ki, hələlik ratifikasiya müzakirələrinin tarixi məlum deyil.
politoloq Anar Əliyev “Sherg.az”a bildirib ki, Cənubi Qafqazda münasibətlərin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan arasında müzakirələrdə ciddi fasilənin olduğu şəraitdə Ermənistan mətbuatı iki dövlət arasında sərhədlərin delimitasiyası üzrə işçi qrupun qəbul olunan reqlamentinin parlament tərəfindən ratfikasiya olunması üçün Nazirlər Kabineti tərəfindən göndərildiyini bəyan edir:
“Hesab edirəm ki, bu növbəti erməni hiyləgərliyinin bariz nümunəsidir. Çünki bu illərin əvvəllərində Azərbaycanın təkidli tələbləri qarşısında Ermənistanla havadarlarının iştirakı olmadan sərhədlərin delimitasiya və demarkasiyası prosesinin həyata keçirilməsinin şahidi olduq. Bu hadisə müstəqillik tariximizdə ilk dəfə baş verirdi. Sözügedən məsələ bir daha sübut etdi ki, Ermənistan və Azərbaycan arasında vasitəçilər olmadan daha ciddi nəticələr əldə olunur. Lakin təəssüflər olsun ki, aprel ayından sonra Ermənistan tərəfindən müsbət tendensiyanın davam etdirilməsi istiqamətində real addımları görmədik. Məhz həmin razılaşmadan sonra əldə olunan uğurlu gedişlərdən biri də delimitasiya və demarkasiya ilə əlaqədar reqlament razılaşmasının həyata keçirilməsi idi. Mövcud qanunvericiliyə əsasən delimitasiyası üzrə reqlament parlamentlərdə ratfikasiya olunaraq hüquqi qüvvəyə minməlidir. Bu günə qədər həmin prosesi Ermənistan uzatmağa çalışırdı. İndi isə Ermənistan sadəcə olaraq prosesin axınının onlar tərəfindən dayanmadığını nümayiş etdirmək üçün belə informasiya elementinə əl atır. Amma parlamentin gündəliyində məsələnin əks olunmaması göstərir ki, Ermənistan növbəti tərəfi prosesi uzatmağa çalışacaq. Çünki Ermənistan müstəqil iradə göstərərək Azərbaycanla danışıqlarda kənar qüvvələrin təsiri olmadan fikir ortaya qoya bilmir. Bu gün baş verənlər bir daha deməyə əsas verir ki, Ermənistanın Cənubi Qafqazla bağlı siyasət xəttini Avropa paytaxları müəyyənləşdirir. Ermənistan siyasi elitası hələki ağalarının tapşırıqlarından bir addım belə kənara çıxa bilmir. Belə olan halda Ermənistanın sülhə, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sürətli addımlar atması real görünmür”.