Son dəyişikliklər uğurludur

Notariat sahəsində vətəndaşlara daha çevik və qüsursuz xidmət göstərilməsinə imkan yaradıb

  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ictimai-iqtisadi həyatının zəruri sahələrində mütərəqqi islahatlar davam edir. Həyata keçirilən islahatlar, ölkəmizin inkişafı həm mülki münasibətlərin dairəsini genişləndirir, həm də mülki dövriyyə iştirakçılarının bağladıqları əqdlərin sayını və əhəmiyyətini xeyli artırır. 

Baş verən dəyişikliklər vətəndaşların hüquq və mənafelərinin daha etibarlı müdafiə olunmasını, eləcə də onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsini də zəruri edir. Ölkəmizdə gedən davamlı sosial-iqtisadi inkişafla yanaşı, qanunvericiliyin və əhaliyə göstərilən hüquqi xidmətlərin, o cümlədən notariat xidmətlərinin səmərəliliyinin gündən-günə artırılmasının təmin olunması istiqamətində səylər davam etdirilir. Müasir sosial və iqtisadi inkişaf şəraitində notariat institutunun fəaliyyətinin təkmilləşdirilməsi olduqca zəruridir. Son zamanlar notariat sahəsində aparılan müsbət dəyişikliklər sərbəst bazar iqtisadiyyatının inkişaf etdiyi bir vaxtda mülki dövriyyə iştirakçılarının, o cümlədən mülkiyyət hüquqlarının daha etibarlı qorunmasına imkan yaradıb. Qeyd etmək lazımdır ki, müasir və daim yenilənən cəmiyyətimizdə mülki-hüquq münasibətlərinin və mülki dövriyyənin tənzimləməsində notariusların böyük rolu var. Notariuslar öz vəzifələrini yerinə yetirərək mülki-hüquq subyektlərinə onların hüquq və vəzifələrini izah edir, bu hüquqların həyata keçirilməsində və qanuni mənafelərinin qorunmasında yaxından köməklik göstərirlər. “Notariat haqqında” qanunun 17-ci maddəsində müəyyən edilmiş notariat hərəkətlərini aparır, o cümlədən daşınmaz əmlakın sərəncam verilməsi barədə əqdləri təsdiq edirlər. Mülki Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Əqdlərin notariat qaydasında təsdiq edilməsi gələcək mülki-hüquqi mübahisələrin yaranmasının qarşısını alır. Mülki dövriyyədə daşınmaz əmlak obyektlərinə sərəncam verilməsinə dair müqavilələr, yəni daşınmaz əmlakın alqı-satqısı, bağışlanması, dəyişdirilməsi, rentası, ipotekaya qoyulması, icarəyə, kirayəyə verilməsi və digər müqavilələr respublika üzrə aparılan notariat hərəkətlərinin əhəmiyyətli hissəsini təşkil edir. Qeyd edək ki, əmlakın özgəninkiləşdirilməsi və ipoteka qoyulması müqavilələrinin təsdiq olunması qaydasına bir müddət öncə dəyişiklik edilib. Yeni sənədə görə, dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında təsdiq edilir. Ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (vəya) qeydiyyata alınan müqavilələrin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış, həmin əmlakın təsviri, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin sənəd və məlumatlar notarius və ya notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslərin istifadə etdiyi müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunur. Əmlak üzərində qadağa olduqda əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilə bilər. Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı beh müqaviləsi təsdiq edilərkən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş razılıq tələb olunur. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilələrin təsdiq edilməsi, daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin aparılması və əmlak hüquqlarının dövlət qeydiyyatı “bir pəncərə” prinsipi əsasında bu Qanunda və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə əqdlərin mühüm hissələrindən birini də hüququ şəxslərin iştirakı ilə olan əqdlər təşkil edir. 
  Əqddə iştirak edən hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlayarkən notariuslar hüquqi şəxslərin nizamnaməsi və ya əsasnaməsi ilə tanış olaraq aparılan notariat hərəkətlərinin hüquqi şəxsə onun nizamnaməsi və ya əsasnaməsi ilə verilmiş hüquqlara müvafiq olub-olmadığını da aydınlaşdırırlar. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa, nizamnaməyə və ya əsasnaməyə əsasən, hüquqi şəxsin və ya onun filial və nümayəndəliklərinin rəhbərləri əqd bağlamaq hüququna malikdirlərsə, notariuslar etibarnamə tələb etmirlər. Bu halda yalnız hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması yoxlanılır. Notariuslar üçün “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemində yaradılmış “Vergi ödəyiciləri barədə məlumat” bölməsində vergi ödəyicisinin eyniləşdirmə nömrəsini və ya hüquqi şəxsin adını yazmaqla Hüquqi Şəxslərin Dövlət Reyestri məlumatlarını əldə etmək imkanı yaranıb. Müvafiq notariat hərəkətləri aparılarkən informasiya sistemində olan məlumat çap edilərək notariat işinə əlavə edilir. Bunun köməyi ilə hüquqi şəxsin təqdim etdiyi sənədlərdə eyniləşdirmə aparıla bilir. Daşınmaz əmlaka sərəncam müqavilələrinin mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Əməliyyatların notariusun depozit hesabı vasitəsilə aparılması gələcək mübahisələrin qarşısını alır, şəffaflığı təmin edir. Xüsusilə vurğulamaq lazımdır ki, notariat fəaliyyəti üzrə aparılmış son dəyişikliklər və elektron-notariat sisteminin tətbiq edilməsi, aparılan notariat hərəkətlərinin keyfiyyətini daha da artırıb. Notariat sahəsində vətəndaşlara daha çevik və qüsursuz xidmət göstərilməsinə imkan yaradıb. Elektron notariat sistemi vasitəsilə notariat fəaliyyəti bir sıra elektron-qeydiyyat sistemlərinə inteqrasiya olunub. Bunun nəticəsində notariat hərəkətlərinin aparılması üçün tələb olunan məlumat və sənədlərin real vaxt rejimində elektron qaydada birbaşa əldə edilməsi və istifadə edilməsi təmin edilib. Bu müsbət dəyişikliklər daşınmaz əmlaka sərəncam verilməsinin rəsmiləşdirilməsi işinin təkmilləşdirilməsində öz real əksini tapır. Bu proqressiv imkanlardan biznes subyektləri də yetərincə faydalanır. Yaradılan hərtərəfli imkanlar daşınmaz əmlaka sərəncam verilməsi üzrə müqavilələrin sənədləşdirilməsi prosesini asanlaşdırıb və çevikləşdirib. Həmçinin müqavilələrin dövlət qeydiyyatına alınaraq mülkiyyət hüququnun rəsmiləşdirilməsini rahat və asan edib. Bu da öz növbəsində notariat xidmətinin səmərəliliyini artırıb. Daşınmaz əmlakla bağlı müqavilələrin rəsmiləşdirilməsində sahibkarlıq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsini daha etibarlı edib. Ən əsası isə göstərilən xidmətlərlə bağlı vətəndaş məmnunluğunu artırıb.

Elmar Əliyev, 
Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu