Erməni vandalizminin daha bir sübutu
Elman Məmmədov: "Onlar vaxtilə dəfn olunmuş insanların ağızlarında olan qızıl dişləri tapmaq üçün bir dənə də salamat qəbir saxlamayıb”
Xocavənddə ermənilərin yaşadığı evdə azərbaycanlılara aid qəbiristanlıqlardan sökülən qəbir daşları aşkarlanıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Xocavənd rayonunun Azıx kəndində çəkiliş aparan zaman 20 azərbaycanlıya məxsus məzar daşı tapılıb. Mərmər daşlar erməni ailənin yaşadığı evin qarajında aşkarlanıb. Məzar daşlarının üzərində ad-soyad, doğum və ölüm tarixləri qeyd olunub.
Buradakı əsas məqsədin daşları satıb, pul qazanmaq olduğunu deyən millət vəkili Elman Məmmədov "Sherg.az"a vurğulayıb ki, bu hadisə erməni vandalizminin daha bir sübutudur:
"Hesab edirəm ki, tapılan məzar daşları bu gün də ermənilərə görə dəridən-qabıqdan çıxan və onlara xidmət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin önünə sərilməlidir. Yəni onlara göstərmək lazımdır ki, məzlum adlandırdıqları ermənilər hansı vəhşiliklər törədib. Ümumiyyətlə, işğal dövründə zəbt edilmiş bütün ərazilərdə olan qəbiristanlıqlarda mərmər daşlar ermənilər tərəfindən dağıdılıb və aparılıb. Təbii ki, bu təkcə Ermənistana daşınmadı. Onlar həmin daşları yonaraq cənub qonşumuza göndərdilər. Yəni talançılıqda İran ermənilərdən daha çox iştirak edib".
E.Məmmədovun sözlərinə görə, işğal altındakı torpaqlarda olan bütün qəbirlər dağıdılıb və ya talan edilib:
"Onlar vaxtilə dəfn olunmuş insanların ağızlarında olan qızıl dişləri tapmaq üçün bir dənə də salamat qəbir saxlamayıb. Ağdamda yerləşən Şəhidlər xiyabanı bunun ən bariz nümunəsidir. Mən hesab edirəm ki, işğaldan azad olunmuş ərazilərimizdə olan dağıntıları beynəlxalq aləmə yaymaq üçün tədbirlər görülməlidir. Düzdür, dövlətimiz bu barədə addımlar atır. Ancaq kifayətlənmək olmaz. Bu hadisələr geniş şəkildə yayılmalıdır ki, dünya ermənilərin həqiqətdə nə qədər vəhşi toplum olduğunu başa düşsün. Digər tərəfdənÖ ermənilərin müdafiəsinə qalxanlar, onlardan da betərdilər. Çünki yalnız vəhşi vəhşini müdafiə edər".