Ziyana düşməyin  - İstirahətin aktiv dövrü başlayıb 

Səyahətə gedənlər ekstremal vəziyyətlərlə üzləşə bilər

Vətəndaşlar turpaketləri alanda ehtiyatlı olmalı, ətraflı məlumat əldə etməlidirlər

 “Vətəndaşlarımız Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının kütləvi istirahət və səyahət dövrünün başlanması ilə əlaqədar müraciətinə diqqətlə yanaşmalıdır”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında iqtisadçı Fuad İbrahimov deyib. İqtisadçı qeyd edib ki, hazırda yay istirahətinin aktiv dövrü başlayıb və səyahətə gedənlər ekstremal vəziyyətlərlə üzləşə bilər. Qeyd edək ki, Assosiasiya kütləvi istirahət və səyahət dövrünün başlanması ilə əlaqədar vətəndaşlara internet səhifəsi üzərindən müraciət ünvanlayıb. Müraciətdə qeyd edilir ki, yay mövsümündə səyahətlərin intensivləşməsi, xüsusən xarici ölkələrə istirahət məqsədli səfərlərinin təşkili zamanı bir sıra hallarda müştəri və turizm şirkəti arasında müəyyən problemlərin və narazılıqların yaşanması riskləri artır. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara diqqətli olmalarını tövsiyə edir:

 “Əsas problemlər sırasında - şirkətlərin müştəriləri qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməməsi, müəyyən ödəniş əsasında təklif etdikləri xidmətlərin lazımi səviyyədə olmaması və müştərilərin aldadılması kimi məsələlərə daha çox rast gəlinməsi öncədən ehtiyat tədbirlərinin görülməsini önə çıxarır. 

Əvvəlki illərə nəzər yetirdikdə, təəssüf ki, baş vermiş bu cür hallar nəticəsində vətəndaşların istirahətlərinin ya baş tutmaması, ya da gözləntilərinin qarşılanmaması, bəzi hallarda isə məsələnin hüquq-mühafizə orqanlarına və məhkəmələrə qədər çıxması müşahidə olunub. Bu cür halların baş verməməsi üçün Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq xarici ölkələrə istər fərdi, istərsə də ailə və ya qrup şəklində səyahət etməyi nəzərdə tutan vətəndaşları turizm şirkətlərinin xidmətlərindən yararlanarkən daha diqqətli olmağa və ehtiyatlı davranmağa çağırırıq”.  İqtisadçı bildirdi ki, səyahətə çıxmaq məsuliyyətli işdir. 

Kimsə düşünməsin ki, gərəkən məbləği ödəyibsə, heç bir problem olmadan səyahət və ya istirahət edəcək. Hamının başına gözləmədiyi hadisə gələ bilər: 

- Vətəndaş Assosiasiya doğru olaraq xəbərdarlıq edir ki, turpaketlər alarkən, turizm şirkətinin xidmətlərindən yararlanarkən turizm bazarında keyfiyyət standartlarına cavab verən, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasında qeydiyyatda olan və ən əsası Turizm Reyestrindən keçmiş turagentlərə üz tutsunlar. Araşdırsınlar, turizm şirkətinin ciddiliyindən, nümunəvi olmağından, təcrübəli olmasından arxayın olsunlar. Yaxınları ilə, dostları ilə məsləhətləşsinlər, həmin turşirkətin xidmətlərindən istifadə etmiş şəxslərin rəyləri ilə tanış olsunlar.  Vətəndaşlar turizm şirkətlərinin xidmətlərindən istifadə edərkən mütləq müqavilə bağlamalıdırlar, müqavilə sənədi imzalamalıdırlar. Müqavilə olsa hər hansı problem yarandıqda onu hüquqi baxımdan həll etmək olur. Müştəriyə kompensasiya da ödənilir, dəymiş zərər qarşılanır. Bəzən baş tutmayan səfər başqasıyla əvəzlənir. Turizm Reyestrindən keçmiş turizm şirkətləri var, onlar haqqında məlumat əldə etmək mümkündür. Turizm şirkətlərinin hamısı reyestrdən keçməlidir. Hər şey qanuni əsaslarla olanda problemlər də tez həllini tapır. Vətəndaşlar turpaketləri alanda ehtiyatlı olmalı, ətraflı məlumat əldə etməlidirlər. Qiymətlərə nə daxildir, şirkət hansı xidmətləri qarşılayır, bunları bilməlidirlər ki, sabah ziyana düşməsinlər, gecələməyə yerləri də olsun, yeməyə qidaları da. Əsas məsələlərdən biri də sığortalanmaqdır. Hesab edirəm ki, səyahətə çıxanlar sığorta məsələsini gözardı etməməlidirlər.