Milli ad insanın vizit kartıdır

Əcnəbi və əndrəbadi adlar cahilliyin əlamətidir

Valideyn övladına ad seçərkən ciddi şəkildə düşünməli, götür-qoy etməli, düzgün qərar verməlidir


Milli, klassik filmimiz “Şərikli çörək”də balaca Vaqif Sabunçu xəstəxanasına - qırçı Məhəmmədin ziyarətinə gedir. Elektrik qatarında üzbəüz əyləşdiyi sovet əsgərinin “hara gedirsən” sualına “Məhəmmədin yanına”, cavabını verir. Əsgər də zarafatla “peyğəmbərin?!”, deyir. Bu epizodla ssenarist, rejissor nə demək istəyirdi, ancaq təxmin edə bilərik. Bəlkə də filmin yaradıcıları  “peyğəmbəri tanıyın” mesajını “faşizmə din yox, sovet əsgəri qalib gələcək” şüarı altında gizlədirdilər. Bilmirik. Amma şükür ki, Məhəmməd əleyhissalamın sonuncu peyğəmbər olduğunu bilirik (bilməyənlər də bilsin). “Məmməd”, “Mamed” adları ilə bağlı növbəti ajiotaj yarananda yadıma düşdü “Şərikli çörək”dəki həmin epizod. XXI əsrdə əhalimiz hələ də Məhəmməd adının necə yazıldığı, Məmməd, Mamed adları ilə bağlı müzakirə açmaq bir yana qalsın, hətta mübahisə edirsə, övladına “atamın, babamın adıdı” deyib, israrla Mamed, ya da Məmməd qoymağa can atırsa, yazıq halımıza. Birincisi, bu adın ərəb dilində yazılış qaydası Muhamməd – dir. Ərəb qrafikasında “ü”, “e”, “ö” hərfləri yoxdur! Peyğəmbərin adını ərəb olmayanlar övladlarına qoyanda  istər-istəməz  öz doğma dillərinə uyğunlaşdırırlar. Azərbaycan xalqı da həmçinin. Ona görə də Muhəmmməd “Məhəmməd”, “Muxammed” və sair yazılış və səsləniş dəyişikliyinə uğramış olur. Bu, təbiidir. Təbii görünməsi gərəkməyənsə insanların səhv yanaşmalarında israrçı olmalarıdır.
 
 Yaxşı ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası mübahisələrə son qoyacaq açıqlama verib. Komissiyanın sədr müavini Sayalı Sadıqova “Report”a açıqlamasında bildirib ki, “Məmməd”, “Mamed” adlarının qadağan olunması məsələsi Terminologiya Komissiyasında müzakirə olunmayıb. Ümumiyyətlə, Məmməd adının qoyulması qadağan deyil. Terminologiya Komissiyası ad qoymur, adları qeydə almır. Komissiyanın işi adların düzgün yazılış formasını təsdiqləmək və təqdim etməkdir. Komissiya tərəfindən Azərbaycan dilinin orfoqrafiya qaydaları, ədəbi dil normalarına uyğun olaraq adların yazılış forması müəyyən edilərək qeydiyyat idarələrinə təqdim olunur. 2015-ci ildə “Məmməd”, “Məhəmməd”, “Mamed”, “Muhammed” adlarının hansının yazılışının düzgün hesab olunması müzakirə edilib və bu zaman onların “Məmməd” və “Məhəmməd” kimi iki formada yazılışı tövsiyə edilib. 
  
Terminologiya Komissiyasının məlum rəyindən ibrət alınacaqmı, bu, cavab verilməsi çətin sualdı. O səbəbdən ki, hazırda əndrəbadi adlara meyl çox yüksəkdi. Həm də lap çox. Gülməli-ağlamalı vəziyyət yaranıb. Məryəmi “Maryam”, Səbinəni “Sabina”, Səidəni “Saida”, Mədinəni  “Madina”, Mətini “Metin”, Xanı “Kaan”(!), Xaqanı “Hakan”, Əmrəni “Emrə”, Mərdi “Mert” edənlərin düşüncəsinə “heyran” qalmamaq olmur. “Zaurla Günaydın”a gələn bir cütlük övladlarının adını “Rasul” yazdırmaqda israr etdiklərini, lakin qeydiyyat aparan xanımın bunun mümkünsüz olduğunu deməsindən “yana-yana” danışırdılar. Aparıcılar Zaurla Günay da onlara qahmar çıxırdı. Bunlar indi guya “super-müasirdilər”, “sosyete” nümayəndələridi. Dini ad həvəskarları da onlardan geri qalmır. Mehdi “Məhdi”yə çevrilir. Əbülfəz “Əbəlfəz” olur. Bayaq ərəb qrafikasındakı səs və hərfləri xatırlatdıq. Bəli, bu adlar ərəb dilinin qaydasına görə belə yazılmalıdır. Amma ad məsələsində təkcə düzgün yazılış deyil, həm də dilin – öz dilimizin orfoepiya qaydalarına, fonetikasına riayət edilməlidir. Etmirlər və bu adların məhz fars dilinə, mərsiyə üslubuna uyğunlaşdırıldığı da aşkardır. 

Əcnəbi və əndrəbadi adlar məsələsində sosioloq nə düşünür? 
  
Sosioloq Əhməd Qəşəmoğlu “Sherg.az”a açıqlamasında bunu ilk növbədə cəmiyyətdəki cahilliklə əlaqələndirdi: 

- Bu, cəhalətdən, savadsızlıqdan, məlumatsızlıqdan irəli gəlir. İnsanlar daha çox zahirə diqqət edir, batini görmək, ona nüfuz etmək istəmirlər, ya da buna intellektual səviyyələri, savadları çatmır. Hər adın mənası var. Valideyn övladına ad seçərkən ciddi şəkildə düşünməli, götür-qoy etməli, düzgün qərar verməlidir. Uşağa elə ad qoyulmalıdır ki, böyüyəndə utanmasın, həmyaşıdları arasında pərt olmasın. Bunu neçə dəfə demək olar, nə qədər məsləhət, tövsiyə vermək olar? İnsanlarımız sanki heç kimi eşitmək istəmir, öz “bildiklərini” etməyə çalışırlar. Sovet vaxtı, xüsusən sovetizmin ilk illərində, sovetləşmiş adların qoyulmasına hardasa, təbii yanaşmaq mümkün idi. Kombayn, Kolxoz, Kommuna, Şura adları qoyurdular. Bəs indi nə olub? İnsanlar anlamaq istəmir ki, Filiz adı Azərbaycan dili üçün, Azərbaycan coğrafiyası üçün uyğunsuz addır. Filiz Azərbaycan dilində faydalı qazıntı deməkdi. Hansısa filmə, diziyə baxırlar, oradakı obrazların adlarını övladlarına qoyurlar. Qız övladlarına Ece, Simay, Cansu, oğlanlara Ezel, Çakır... nə bilim, başqa hansısa adlar qoymağa çalışırlar. İnsanlarımızın Fateh Sultan Mehmetə rəğbətləri, onu uca tutmaları tamamilə anlaşılandır, amma bu uşağın adını Fateh, ya da Sultan Mehmet və sair qoymaq üçün əsas ola bilməz. O şəxsiyyət Fateh titulunu Konstantinopolu fəth edib İstanbul etdiyinə görə qazanıb. Sənin Fateh adını qoyduğun övladın sabah hansı peşənin sahibi olacaq, hələ bilinmir. Belə misalları çox çəkmək olar. Bu cür hallar cəmiyyətdə formalaşmanın tam olmadığını göstərir. 
  
Sosioloq bildirdi ki, Azərbaycan xalqının nümayəndəsi olan valideyn övladına milli adlar qoysa daha yaxşı olar: 

- Milli ad insanın vizit kartıdır. Onun kimliyini, hansı millətə, hansı dinə mənsub olduğunu göstərir. Ad qəhətdi ki, oğlan uşağına Ruslan adı qoyurlar? Ya da Rita adı qoyurlar?  Qardaş Türkiyədə populyar olan adların əksəriyyətin əsli türk adlarıdır. Amma səslənmədə müəyyən fərqlər var. Bunlar nəzərdən qaçmamalıdı. İnsanımız bu adları qoymaq istəyirsə, Azərbaycan dilinin qaydalarına uyğun olan variantı seçməlidir. Ən yaxşısı milli adlardır. Görkəmli ədiblərimiz əsərlərində mənalı, gözəl adlardan istifadə ediblər. Xüsusən də Cəfər Cabbarlı; Elxan, Eldar, Solmaz, Gülər, Oqtay. Gültəkin...  Bir zamanlar bu adlar dəb idi. Zaman dəyişir, yeni adlar formalaşır. Amma biz milliliyimizi daim saxlamağa çalışmalıyıq.