Ətin qiyməti 20 manatadək qalxacaq

Kor-koranə inkişaf yaxşı nəsə vəd etmir

“Bir neçə il əvvəl Türkiyədə ətin qiyməti bizim pulla hesablasaq, 25-30 manat idi. İndi biz həmin qiymətlərə doğru “gedirik”

  2023-cü ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 285,4 min ton ət, 1122,9 min ton süd, 1107,4 milyon ədəd yumurta, 14 min ton yun, 356,6 ton barama istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 2,7 faiz, yumurta istehsalı 12 faiz, barama istehsalı 5,1 faiz artıb, yun istehsalı isə 2,8 faiz azalıb.

  Ət, süd, yumurta istehsalı artıb, amma bu məhsulların qiymətində hər hansı ucuzlaşma yoxdur. İstehsal artımı qiymətlərə niyə təsir etmir? İqtisadçı Pərviz Heydərov “Sherg.az”a açıqlamasında mövcud vəziyyəti izah edib: 

- Ərzaq məhsullarının qiyməti istehsalla  əlaqəli deyil. Qiymətlər ümumi bazardakı  ab-havaya görə müəyyən olunur. Əgər bazarda ucuzlaşma müşahidə edilmirsə, bu, qiymətlərdə özünü qabarıq göstərə bilməz. Niyə qabarıq deyirəm, çünki məsələn, yumurtanın qiymətində cüzi ucuzlaşma olur, amma müvəqqəti – 5-10 gün. Sonra yenə əvvəlki vəziyyət geri qayıdır. Qiymətlər əvvəlki həddinə çatır. Baxmayaraq ki, Statistika Komitəsi ət istehsalının artdığını bildirib. Amma bu sahədə vəziyyət gərgindir. 3-4 il əvvəl biz özümüzü ətlə təmin edə bilirdiksə, hazırda heyvandarlıqla məşğul olmaq imkanları xeyli azalıb. Fermerlərin otlaq sahələri azalıb, yem bazası qıtdır, fermerin birbaşa bazara çıxışı daralıb. Ola bilər hazırda ət istehsalında müəyyən artım var - 3.1 faiz, bu, elə də ciddi rəqəm deyil. Bu artım müvəqqətidir və mövsümi xarakter daşıyır. İndi biçin zamanıdır, bir qədər yem bolluğu yaranıb, ona gorə. Amma payız-qış aylarında bizi  ətin qiymətində  artım gözləyir. Hazırda ətin qiyməti 16-17 manatdı, payızda qiymət 20 manatadək qalxacaq. Səbəbləri dedim. Kənd təsərrüfatında inkişaf birtərəfli aparılmamalıdır. Kənd təsərrüftatının bütün sahələri eyni zamanda inkişaf etdirilməlidir ki, birinin inkişafı digərinin tənəzzülünə səbəb olmasın. Kor-koranə inkişaf yaxşı nəsə vəd etmir.  Bir neçə il əvvəl Türkiyədə ətin qiyməti bizim pulla hesablasaq, 25-30 manat idi. İndi biz həmin qiymətlərə doğru “gedirik”. Nəticə olaraq deyə bilərəm ki, heyvandarlıqdakı mövcud durum qarşıdakı payız-qış ayları yaxşı tendensiya vəd etmir.