"Sosial "messenger" tətbiqləri son 5 ildə daha da populyarlaşıb. Bu da informasiyanın daha sürətli və geniş auditoriyaya çatdırılması məqsədini daşıyır, eyni zamanda mobilliyi özündə birləşdirir".
Bu sözləri "Sherg.az"a internet-media eksperti Səbuhi Abbasov Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) "WhatsApp” hesabı yaratmasından danışarkən söyləyib.
Mütəxəssis diqqətə çatdırıb ki, e-mail üzərindən göndərilən audio, şəkil və videoformatlı faylları daha böyük ölçüdə olur, amma "WhatsApp"da göndərilən fayllar tətbiqin formatına uyğun şəkildə sıxılır və media qurumları üçün daha qənaətbəxş hesab olunur:
"Dünya təcrübəsinə əsasən, "WhatsApp", "Telegram" qruplarının yaradılması və tətbiq vasitəsilə informasiyaların çatdırılması dövlət qurumları üçün prioritet rolunu oynayır. Azərbaycanda da artıq bir neçə ildir, qurumların "WhatsApp" hesabları yaradılıb. Qruplar vasitəsilə öz fəaliyyətlərini geniş auditoriyaya qısa zamanda ötürmək və görülmüş tədbirləri insan kütləsinə çatdırmaq mümkündür. Ona görə də "WhatsApp" hesablarının yaradılması dövlət qurumları üçün avantaj, həyata keçirilən tədbirlərin reallaşması baxımından mühüm addımdır. Həmçinin adıçəkilən tətbiq yaradıldıqda hansısa dövlət və ya özəl müəssisənin admin heyeti qruplarda mesajları bütün tərəflər üçün açıq qoymurlar. Yalnız birtərəfli şəkildə mesaj göndərilə bilər. Artıq Baş Prokurorluq, Asan xidmət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, TƏBİB kimi bir çox qurumların "WhatsApp" hesabları mövcuddur. Uzun müddətdir, fəaliyyət göstərir. Bu yaradılış həqiqətən də, əlçatımlığı təmin edir, eyni zamanda media qurumlarının işini asanlaşdırır. Məlum addımın atılmasına müsbət yanaşıram. Bildiyimiz kimi, DYP fəaliyyət istiqaməti stratejidir, daha geniş kütləni əhatə edir. Bəzən doğru məlumatlara, bəzi hallarda isə dezinformasiyalara da rast gəlirik. Bu yolla hansısa hadisə ilə bağlı açıqlamaların verilməsi, alınması, prosedurun onlayn media şərtlərinə cavab verməsi asanlaşır, operativlik gözlənilir".
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin BDYPİ-si vətəndaşların müraciətləri üçün yeni “WhatsApp” hesabını aktivləşdirib. Bununla bağlı BDYPİ-nin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev məlumat paylaşıb.