Tramvay xətti bərpa olunmalıdır  - TƏKLİF

"Yağıntılı havada taksi qiymətlərinin bahalaşması problemi daim olub, var və bundan sonra da müşahidə ediləcək".

Bunu "Sherg.az"a nəqliyyat eksperti Rauf Ağamirzəyev yağıntılı hava şəraitində taksi şirkətlərinin qiymətləri qaldırmasından danışarkən deyib. Onun sözlərinə görə, bu sahədə köklü islahatların keçirilməsinə ehtiyac var:

"Ən əsası dayanıqlı, komfortlu, təhlükəsiz, çeşidli ictimai nəqliyyat növlərinin inkişafı vacibdir. Yəni əhali havanın dəyişkənliyinə görə, taksi şirkətlərindən asılı vəziyyətə düşməməlidir. Hava şəraitinin yağıntılı, qarlı, küləkli keçməsinə baxmayaraq, ictimai nəqliyyatımız fasiləsiz işləsə, taksiyə bu qədər ehtiyac yaranmaz".
Ekspert diqqətə çatdırıb ki, ilk növbədə, ayrılmış avtobus zolağı şəbəkəsi, velozolaq təşkil edilməlidir:

"Bakıya musson yağışları yağmır ki, yola maneə törətsin. Eyni zamanda tramvay xətti bərpa olunmalıdır. Problemin həlli çeşidli ictimai nəqliyyat növlərinin inkişafı və üstünlüyünün təmin edilməsindən başlayır. Hökumət bu sahəyə diqqət ayırmalıdır. Əks təqdirdə narazılıq ardı-arası kəsilməyəcək".

Qeyd edək ki, Bakıya yağan yağış səbəbindən taksi qiymətlərində kəskin bahalaşma müşahidə olunur. Dünən axşam saatlarından Bakıda və Abşeron yarımadasında başlayan yağıntılı hava şəraiti bu gün səhər saatlarında taksi xidmətinə tələbatın artmasına gətirib, çıxarıb. Mövcud vəziyyətdən istifadə edən taksi şirkətləri isə qiymətləri təxminən 40-50% bahalaşdırıblar.