Sabahdan Məhərrəm ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb.
Bəs bu ayın mənası və tarixçəsi nədən ibarətdir?
"Sherg.az"ın suallarını cavablandıran Ağa Hacıbəyli bildirib ki, Məhərrəm ayı hicri-qəməri təqvimi ilə birinci ay hesab olunur:
"Yəni yeni ilə qədəm qoyuruq. Allah xeyirli, uğurlu və mübarək eləsin. Quran'i Kərimdə dörd haram ay var, onlardan biri də Məhərrəmdir. Qadağa deyildikdə toxunulmaz ay anlamı ifadə edilir. Cahiliyyə dövründə ərəblər arasında hörmət görmüş aylardan sayılırdı. İnsanlar həmin vaxtlar dörd aya hörmətdən dolayı savaşlar etmir, müharibələrə son qoyurdular. Amma bu gün daha çox 681-ci il, yəni Məhərrəm ayının 10-cu günü, İmam Hüseyn əleyhissəlamın faciəvi şəkildə qətlə yetirilməsi və şəhid edilməsi ilə bağlı olan hadisə əsas götürülür.
Artıq Məhərrəm ayına olan baxış xeyli dəyişib. İlk olaraq, müəyyən günlər matəm saxlanılıb. Hazırda Səfər ayı da daxil olmaqla təqribən 60 gün müddətində ölkəmizdə əksər insanlar sırf bu hadisəyə görə, el şənliklərinə, xeyir işlərə üz tutmayacaqlar. Amma açığı, Quranda, eyni zamanda peyğəmbərimizin hədislərində qadağa görmürük. Yəni bu, səmavi yox, əxlaqi, mənəvi qadağadır. Arzumuz budur ki, Allah peyğəmbərimizin ətrafında toplaşmağı, onun mübarək ehlibeytinin işığında, səhabəsinin yolunda ittifaq etməyi nəsib etsin".