Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş “Media və dini təhlükəsizlik” mövzusunda konfrans keçirilib. Komitə sədri Mübariz Qurbanlı deyib çıxışın da deyib ki, məktəblərdə şagirdlərə dini bilgilər haqqında ayrıca fənn tədris olunmalıdır:
"Həyat bilgisi fənninin içərisində dinlə əlaqəli xüsusi dərs keçilmir. Sadəcə müəyyən bilgilər var. Ayrıca dini bilgilər haqqında fənn tədris olunmalıdır. Bunu çox istəyərdik. Təbii ki, bu da başqa mövzudur".
Bu barədə "Sherg.az"a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, təklif olunan bilgilərin tədrisinin şagirdlərə əlavə yük olub-olmayacağı, əvəzində hansı fənnin çıxarılacağı, şagirdlərin seçim hüququna nəyin daha yaxşı təsir edəcəyinin müəyyənləşdirilməsi, müzakirəsi vacibdir:
"Azərbaycan İlahiyyat İnstitutunun tələbələri məktəblərdə dini bilgilər haqqında ayrıca fənn tədris edəcəklərsə, hərəsi bir məzhəbin nümayəndəsi olaraq, dərs dedikləri zaman öz təriqətlərini də sətiraltı şəkildə övladlarımıza yeridəcəklər. Bunun əleyhinəyəm. Maraqlıdır ki, bəs adıçəkilən qurumun özü niyə indi belə bir təklif irəli sürür? Vaxtilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev yazdığı dərsliyi Elm və Təhsil Nazirliyində qeydiyyatdan keçirdi. Nəyə görə tədris olunmadı?! Həmçinin sual yaranır ki, bu dini bilikləri şagirdlərə mənimsətmək üçün kifayət qədər kadr hazırlanıbmı?! Yaxud da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini bilgilərini hansı səviyyədə inkişaf etdirib?!".
Təhsil eksperti Kamran Əsədov diqqətə çatdırıb ki, məktəblərdə dini biliklərin verilməsi dini simvolların təhsil ocağına daşınması, dindarlar ordusu yetişdirmək anlamına gəlmir:
"Dini bilgilər insanların bir qisminin ifrat dərəcədə dindarlaşmasının, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsinin, cəmiyyətin qütbləşməsinin qarşısını almaq, bütün vətəndaşları bir araya gətirmək, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli mənalar kəbs etdiyini anlatmaq deməkdir. Bir çox ölkələrdə, həmçinin qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanılıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində "Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur. Orta təhsil müəssisələrində din fənninin tədrisi imkan verəcək ki, həm şagirdlərin dini cəhətdən savadlanması sağlam əsaslar üzrə baş tutsu, həm də onlar tarixi ənənəmiz və keçmişimizin dini tərəfini öyrənsinlər. Əxlaqi tənəzzül və həyata baxış tərzinin xalqımıza yad təmayüllərin təsiri ilə cılızlaşması, ictimai əxlaq qaydalarının pozulması, ailədaxili tərbiyənin xoşagəlməz format kəsb etməsi daha çox azyaşlı və gənclərə təsir göstərir. Məhz bu, zəruri edir ki, orta məktəblərin aşağı siniflərindən başlayaraq, dini biliklər tədris olunsun".
K.Əsədov söyləyib ki, dini tədrislə məşğul olacaq müəllimlərin ölkə daxilində, yaxud da xaricdə təhsil almağı fərq etmir:
"Əsas budur ki, müəllim islam dinini yaxşı bilsin, ölkəmizin milli-mənəvi “xəritə”sinə bələd olsun. Xaricdə oxuyan əksər dindarların, bəlkə də ən çatışmayan cəhəti Azərbaycan reallığına bələd olmamaqları, təhsil aldıqları ölkələrin dini mühitini ölkəmizdə kortəbii şəkildə yaratmaq cəhdləridir. Bir sözlə, yerli məzunların əksəriyyəti sağlam dini tədris aparacaq səviyyədə deyil. Din fənnini şagirdlərin yaxşı şəkildə mənimsəməsini təmin edən əsas amillərdən biri müəllimin özünün dinin əmr və qadağalarına riayət etməsi, əxlaq və davranışı, həyat tərzi ilə onlara nümunə olmasıdır. Bununla yanaşı, din fənninin tədrisini aparan müəllimin pedaqoji və psixoloji biliyi olmalı, tədris zamanı yekcins çatdırma və öyrətmədən uzaq olmalıdır. İslama dar baxış, dünyagörüşünün məhdudluğu da din fənninin tədrisi ilə məşğul olacaq müəllimlər üçün yolverilməzdir".
Mütəxəssis vurğulayıb ki, əxlaqlı, mənəviyyatlı, milli-mənəvi dəyərlərə malik və vətənə sevgisi olan insan uşaq ikən formalaşdırılmalıdır:
"Bunun üçün din dərsinin tədrisi ən münasib üsullardandır. İslamın gözəlliklərindən, Məhəmməd peyğəmbərin yüksək əxlaqından məlumatlı olan hər bir şagird bundan özünə ibrət götürəcək. Habelə din dərsi insanlarda mənəvi və dini boşluğun doldurulmasına da böyük töhfə verəcək. Adətən, gənclər islamı düzgün dərk etmədikdə yanlış yollara meyl edir. Düşünürəm ki, doğru və dolğun dini təhsil bu problemin də aradan qaldırılmasına imkan verəcək. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının və "Təhsil haqqında" Qanunun tələblərinə görə, din dövlətdən ayrıdır. Qanunvericilik aktlarına görə, orta məktəblərdə hansısa dini mərasimlərin keçirilməsi, onun təbliğ edilməsi yolverilməzdir".