Valideynlərin DİQQƏTİNƏ!  - "...bədbəxt hadisə qaçılmazdır"

Hovuzda üzərkən halı pisləşən azyaşlı ölüb. 
Ölümü ilə bağlı bəzi detallar bəlli olub. Hadisə paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsində qeydə alınıb. Mərkəzin meneceri Emil Abdullayev daxildə çəkiliş aparmağa razılaşmasa da, sualları cavablandıraraq bildirib ki, Gülay adlı uşaq tez-tez hovuza üzməyə gəlirmiş. Onun sözlərinə görə, məşqçinin nəzarəti altında üzən uşaq qoruyucu vasitələrlə təmin olunub. Hadisə şahidləri iddia edirlər ki, təcili tibbi yardım avtomobili əraziyə vaxtında çatmayıb. Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Araşdırmadan sonra hadisə ilə bağlı qərar veriləcək.

Bu barədə "Sherg.az"a danışan  təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bidirib ki, hovuzlarda, çimərliklərdə təhlükəsizliyin təmin olunması məsələsinə ciddi yanaşılmalıdır:

"Hovuzların kifayət qədər təhlükə "saçdığını" nəzərə almaq lazımdır. Orada sürüşmək yıxılmaq, zədələnmək ehtimallarını unutmaq olmaz. Həmçinin suyu çirklidirsə, bu, insan həyatını təhlükəyə atmağa bərabərdir. Təmizləndikdən sonra da ehtiyatı əldən verməməkdə fayda var. Çünki hovuzlar kimya tərkibli məhsullarla təmizləndiyi üçün təhlükəsizlik qaydalarına riayət olunmadıqda sağlamlığımızda kifayət qədər ciddi fəsadlarla üzləşə bilərik. İstirahət mərkəzlərindəki hovuzlarla sağlamlıq mərkəzlərindəkilər biri-birindən fərqlənir. Təbii ki, hovuzlarda bağlı ümumi konsepsiya, təhlükəsizlik qaydaları mövcuddur".

Mütəxəssis diqqətə çatdırıb ki, azyaşlılarla böyüklərin eyni yerdə çimməsi qadağandır:

"Azyaşlılar üçün nəzərdə tutulan hovuz ölçüsü 50-70 santimetrdir. Böyüklərdə bu ölçü 130-150 sm-ə qədərdir. 150 sm-dan yuxarı hovuzlardan isə artıq peşəkar üzgüçülər istifadə edirlər. Bu da sağlamlıq mərkəzlərində olur. Çalışmaq lazımdır ki, getdiyimiz məkanların hovuz kənarlarında nəzarətçilər işləsinlər. Təbii ki, valideynlər də diqqətli olmalıdırlar. Hovuz, dəniz qırağında uşaqları nəzarətsiz qoymalı deyillər. Ani bir diqqətsizlik bədbəxt hadisənin qaçılmaz edir".