"Məhərrəm ayı uzun bir tarixdir. Azərbaycan xalqının qan yaddaşında qalan milli, dini, həssas günlərdəndir (El arasında ağır, ağır həzm olunan günlər deyilir)".
Bunu "Sherg.az"a ilahiyyatçı Hacı Təyyar deyib. Din xadiminin sözlərinə görə, həmin günlər sevinmək, şadlanmaq olmaz:
" Məhərrəm ayının birinci ongünlüyü və məhz onuncu günündə peyğəmbər ailəsini dəyərləndirə bilməyənlər haqsızcasına onun nəvə-nəticəsinə qətliam törətdilər. Qadın, qız, körpə, gəlin, xanım demədən bu müqəddəs ailəyə qarşı böyük bir günah, cinayət işləyiblər. Bu barədə dünya mütəfəkkirləri, alimlər, dini, milli mənsubiyyətindən asılı olmayaraq, ziyalılar, tarixçilər, klassiklərimiz yazıblar".
İlahiyyatçı bildirib ki, bu gün Azərbaycan cəmiyyətində Məhərrəm ayına yanaşma tərzi individualdır:
"Məhərrəm ayında toy məclisi qurmaq, tarix təyin etmək həmin insanların peyğəmbər, imam ailəsinə olan şəxsi diqqətindən, hörmətindən qaynaqlanır. Məsələn, Xocalı, 31 mart soyqırımı, 20 yanvar faciəsi günü şənlik mərasimləri təşkil edilsə, insanlar bu addımı qəribə qarşılayar, ictimai qınağa səbəb ola bilər. Bir ilahiyyatçı, din xadimi kimi, fərdi subyektiv fikirlərimi obyektiv detallarla çatdırıram. Ölkəmizdə peyğəmbər, imam övladlarının adına ziyarətgahlar yaradılıb. Bu, dövlət, millət, cəmiyyət səviyyəsində qəbul olunub. Kimsə indiki ayda şənlik edəcəksə, onun şəxsi seçimidir. Amma məsləhət görmürəm".
Qeyd edək ki, dünəndən etibarən Məhərrəm ayı başlayıb. Hər zaman olduğu kimi, yenə bu ayda toy mərasimləri keçirib-keçirməməklə bağlı suallar yaranır, müzakirələr aparılır.
Hərə öz fikrini ürəli sürərək, çıxış edir. Biri Məhərrəm ayında şənlik etməyi doğru bilir, digəri isə fərqli mövqedən yanaşıb, toy məclislərinin təşkilini qəbahət, böyük günah hesab edir.