Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda küçəyə, zibil qutusuna atılan 10-15 günlük uşağın səhhəti barədə açıqlama verib.
TƏBİB-dən "Sherg.az"ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulan körpənin müalicəsi TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasında davam etdirilir:
"Körpənin vəziyyəti stabildir, qidalanması normaldır. Götürülmüş analiz nəticələri yoxlanılıb, digər lazımi analizlər götürülür. Çəki artımına nəzarət olunur, müəyyən çəkiyə çatdıqdan sonra xəstəxanadan buraxılacaq. Hazırda həkim nəzarətində müalicəsi davam etdirilir".
Xatırladaq ki, iyulun 17-də anası tərəfindən zibil qutusuna atılan 10-15 günlük körpə tapılıb.