"15-20 ildir, fermerlərə biçindən sonra və ya biçilməmiş sahələrin yandırılmaması ilə bağlı xəbərdarlıq edirik. Nəinki taxıl sahələri, həmçinin bitki yetişdirilən torpaqlarda da bitki qalıqlarını yandırmaq olmaz".
Bunu "Sherg.az"a kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov DİN-in fermerlərə müraciətindən danışarkən deyib.
Ekspertin sözlərinə görə, torpaqda mövcud olan faydalı mikroorqanizmlər məhv edildikdən sonra məhsuldarlıq mütləq düşəcək:
"Torpaqda faydalı mikroorqanizmlərlə yanaşı, həm də homos qatı var və çox asanlıqla yanır. Fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzləri hər bir fermerə xəbərdarlıq məktubu göndərməli, imzalatmalıdır ki, onlar əkin sahələrini yandırmasınlar. Sözügedən xəbərdarlığı etmək əslində DİN-in işi deyil.
Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, hətta Nazirlər Kabineti xüsusi xəbərdarlıq mesajı verməlidir. Onsuz da torpaqların münbitliyini bərpa edə bilmirik, digər tərəfdən də bitki qalıqlarının yandırılması torpağa daha ciddi ziyan vurur. Sonradan onu əvvəlki səviyyəyə qaytarmaq da mümkün deyil. DİN-in fermerlərə müraciəti təqdirəlayiqdir. Hər halda digər dövlət qurumları da məsələ ilə yaxından maraqlanmalıdır".
Qeyd edək ki, respublikamızın bir sıra rayonlarında fermerlərin biçini başa çatmış sahələri yandırması müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, kənd təsərrüfatı təyinatlı əkin sahələrinin biçindən sonra şumlanmaq əvəzinə yandırılması həmin ərazilərdə bir sıra neqativ fəsadların yaranmasına səbəb olur.