Skuter qəzaları artıb  - Sürücülərə təlim keçiriləcək?

"Skuterlərin istifadəsi ilə bağlı müxtəlif ölkələrdə fərqli yanaşmalar mövcuddur. Məsələyə qanunvericilik səviyyəsində baxılır".

Bunu "Sherg.az"a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı skuter sürərkən baş verən qəzalardan danışarkən deyib. Onun sözlərinə görə, bəzi ölkələrdə skuterlərin ümumi istifadə edilən yollara çıxması qadağandır, əks halda yol hərəkəti qaydalarının pozulmasına daha ağır cəzalar verilir: 

"Azərbaycanda da skuter yeni nəsil nəqliyyat növü kimi, həyatımıza daxil olduğu üçün müəyyən qaydalar tətbiq edilməlidir. Skuter sürücülərinin ilkin biliklərə malik olması, yol hərəkəti qaydalarını bilməsi yaxşı haldır. Hazırda skuter sürməklə bağlı təlimin keçirilməsi üçün sistem mövcud deyil. Yaş məhdudiyyəti yoxdur. Kim istəsə, skuteri götürür, parkda da, yolda da sürür. Bu da ciddi problemlərə səbəb olur. Qəzalar baş verir, xəsarət alırlar. Bu cür hadisələrin sayını azaltmaq üçün skuterlərin nəqliyyat vasitəsi kimi qəbul edilməsi qanunvericiliklə nizamlanmalıdır".

Qeyd edək ki, bloger Nərmin Vəliyeva (nariisha) xəsarət alıb. Hadisə bloger skuter sürərkən baş verib. N.Vəliyevanın görüntülərini blogerlər Nəcibə Əhmədi (Nadjiba) və Həmayıl Ələsgərova (hllyblog) yayıb.