"Skuter də velosiped kimi mikromobillik vasitələrindən biridir".
Bunu "Sherg.az"a nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev skuterlə törədilən qəzalardan danışarkən deyib. Onun sözlərinə görə, Bakıda hələ ki velozolaq lokal olaraq ayrılıb:
"Yəni bu, şəbəkə halında deyil. Velozolaqlara şəhərin bəzi hissələrində (şəhər mərkəzində, hökumət evlərinin ətrafında, qismən də bayraq meydanı tərəfdə) və şəhərkənarında 1-2 km-lik yolda rast gələ bilərik. Amma şəbəkə formasında təşkil edilsə, skuter həm yetərincə böyük istifadəçi kütləsi toplayar, həm də hazırkı nizamsızlıq aradan qalxar. Eyni zamanda da insanlar üçün alternativ nəqliyyat növü kimi fəaliyyət göstərər. Bu gün dünyada skuter kimi mikromobillik vasitələrinə şərait yaradılır. Mikrobillik termini qısa məsafəli səyahət həllərini - adətən, səyahətin ilk və ya son kilometrini təsvir etmək üçün istifadə olunur. "McKinsey" Gələcək Mobillik Mərkəzinin araşdırmasına görə, dünya üzrə avtomobil səfərlərinin təxminən 60%-i 8 km-dən azdır və mikromobillik həllərindən faydalanmaq olar. Harada tətbiq edilir?! Demoqrafik dəyişikliklər və ümumi əhali artımı səbəbindən şəhərlər inanılmaz sürətlə dəyişir. Hər həftə təxminən 1,3 milyon insan şəhərlərə köçür. 2030-cu ilə qədər "meqapolislərin" - 10 milyondan çox əhalisi olan şəhər ərazilərinin sayı təxminən 43-ə çatacaq. Bu, indikindən 12-yə qədər çoxdur. 2040-cı ildə əhalinin təxminən 65%-nin şəhərlərdə yaşayacağı gözlənilir".
Qeyd edək ki, son günlər skuter qəzalarının sayı artıb. Bəziləri bu nəqliyyat vasitəsindən düzgün istifadə qaydalarını bilmədikləri üçün xəsarətlərə yol açan qəzalar qaçılmaz olur.