Narkomaniya günümüzün bəlasına çevrilib. Gündən-günə narkotik vasitələrin "tələsinə" düşənlərin sayı təəssüf ki, artır. Artıq nəinki bu sahə üzrə çalışan mütəxəssislər, ekspertlər, hətta digər ziyalılarımız da ətrafa saçılan müsibətdən danışır, yazırlar. Orta və ali təhsil müəssisələrində narkotikə qarşı mübarizə aparmaq üçün müxtəlif tədbirlər təşkil edirlər. Təhsil alanları bilgiləndirirlər.
Narkomaniyanın təhlükəli yol olduğunu çatdırmağa çalışırlar. Eyni zamanda Daxili İşlər Nazirliyi narkotik satışını həyata keçirənləri məsuliyyətə cəlb edir. Lakin bütün bunlara baxmayaraq, hələ də həm istifadəsi, həm də satışı ilə bağlı xəbərlər oxuyuruq. Bəzi mütəxəssislər hesab edir ki, elə sözügedən "xəstəliyə" düçar olanlar narkotik cinayətkarlığının iştirakçısına çevrilirlər. Praktik təcrübə isə göstərir ki, həmin adamlar narkomaniyanın qurbanına çevrildikdən sonra öz tələbatlarını ödəmək üçün cinayət törətməyə məcbur olurlar.
Bu sahə üzrə kifayət qədər bilgili sahibi şəxslər hesab edir ki, maarifəndirmə işini peşəkarlıqla, müasir çağırışları dəstəkləyən, təsirli metodlarla aparmaq lazımdır. Həqiqətən də, maarifləndirmə işi aparmağa çalışanların bəzən auditoriya qarşısında işlətdikləri ifadələr əks-effekt verir, nəticədə uşaqlarda bu maddələrə maraq yaranır. Ona görə də təbliğatı düzgün və qorxutmadan, dostcasına aparmaq şərtdir. Çıxılmaz yola düşməmək üçün ən yaxşı dostumuz isə valideynlərdir. Bu istiqamət üzrə araşdırmaçılar valideynləri ailə münasibətlərini sağlam, düzgün qurmağa, uşaqların maraq dairəsinin hansı sahədə formalaşmasına diqqət etməyə çağırır. Əks halda nəzarətsizlik, düzgün dostların, ətraf mühitin seçilməməsi gənclərin uçuruma yuvarlanmasına gətirib, çıxaracaq.
Bu barədə "Sherg.az"a danışan narkomaniya üzrə araşdırmaçı-ekspert Emil Maqalov bildirib ki, narkotiklər bir neçə həftə ərzində insanın iradəsini əsarət altına almağa və onu heç bir hipnozçu, psixoloqun bacara bilməyəcəyi şəkildə özünə tabe etməyə qadirdir:
"Bir neçə aydan sonra hamı "yanıb" külə çevrilən, qalan həyatını "doza" axtarmağa həsr edən, reallıqdan xəbərsiz olan zombilərdən üz döndərir. Narkotiklər zehni pozur. Narkotik vasitələrdən istifadəyə başlamanın orta yaşı 16-18-dir. Aidiyyəti qurumların çox böyük səylərinə baxmayaraq, 12-15 yaşlı uşaqların da bu maddələrdən istifadə faizi artır. Bəzi hallarda narkoman valideynlər də övladlarını bu bəlaya salır".
Mütəxəssis diqqətə çatdırıb ki, hər bir narkoman özündən sonra 5-10 nəfəri narkotikdən istifadəyə cəlb edə bilir:
"Son illər narkotiklərdən ölənlərin sayı 12 dəfə, uşaqlar arasında isə 2 dəfə artıb. Onların bu "yola" çıxdıqları andan etibarən təxmini ömürləri orta hesabla orqanizmdən aslı olaraq, 4-5 ildir. Birinci dəfədən dünyasını dəyişənlər də az deyil. Bəzi yeniyetmələrdə müşahidə edilən narkomaniya əlamətləri vaxtında narkomaniyanın inkişafının qarşısını almağa və başlanğıcda mübarizə aparmaq üçün lazımi tədbirləri görməyə kömək edə bilər. Narkomaniyanın əlamətlərini bilmək övladların təhlükəsizliyinə zəmanət verəcək. Bir yeniyetmənin davranışında narkomaniyanın əsas əlamətlərinə ilk növbədə, sosial dairənin dəyişməsi daxildir. Artıq yeniyetmə köhnə dostları ilə ünsiyyət qurmur. Əvəzində açıq-aşkar tərəddüdlə danışdığı yeniləri peyda olur. Telefonla danışarkən gizli, monohecalı və ya qeyri-müəyyən ifadələrlə danışır. Daim tək qalmağa, vanna və ya tək otağa qapanmağa, gizlənməyə çalışır. Tez-tez evdən çıxıb, gec qayıdır. Əvvəllər sevdiyi işlə məşğul olmaqdan imtina edir. Ani əhval dəyişikliyi, aqressivlik, laqeydlik və ya artan həyəcan müşahidə olunur".
Araşdırmaçı vurğulayıb ki, narkomaniya ilə mübarizə yolları fərqlidir:
"Narkomaniyaya qarşı mübarizənin sosial metodu "deviant" davranışın sosial-iqtisadi, məişət, sosial-psixoloji səbəblərini və şərtlərini aradan qaldırmağa yönəlib. Narkomaniya ilə mübarizənin tibbi üsulu xəstəyə tibbi və psixoloji cəhətdən asılılıqdan qurtulmağa kömək edir. Narkoloqlar narkomaniyanın müalicəsinin yeni effektiv üsullarını axtarırlar. Amma biz nə tapırıqsa, narkoistehsalçılar digər yol tapır. Müalicənin daha təsirli olması üçün daimi aparılmalıdır. Asılılıq uzunmüddətli müalicə və çox maliyyə tələb edir. Narkomaniyaya qarşı mübariə şəxslə yanaşı, həm də onun qohumları, yaxınlarının böyük səylərini tələb edən mürəkkəb və uzun prosesdir".