"Qida sənayesi inkişaf etdikcə qida istehsalında hiylələrdə də artmaq da davam edir. Ən çox qida hiyləsinə məruz qalanlardan biri də ət və ət məhsullarıdır".
Bu sözləri "Sherg.az"a qida mütəxəssisi Asim Vəliyev farşın ucuz satılmasından danışarkən bildirib. Ekspertin fikirlərinə görə, farşların satışında bir çox qida hiyləsi tətbiq olunur:
"Marketlər də farşlara nəzər salsaq, görərik ki, ətin qiymətindən daha ucuz satılır. Halbuki farş ən az ətin qiyməti ilə eyni və daha baha olmalıdır. Dana əti farşına toyuq əti və ətin yan məhsulları qatılır. Dad baxımından iki fərqli ət olduğuna görə yaranan dad fərqini aradan qaldırmaq üçün kimyəvi qatqı maddələri istifadə olunur. Farşa ət yan məhsulları olaraq, sümük, qan, buynuz, dırnaq, soya qiyməsi, donuz əti və içalatı, dəri, bağırsaq və s. qatılaraq, emaldan keçir və satışa çıxarılır.
Yaxşı olardı ki, istehlakçı ət alarkən əti gözünün qarşısında çəkdirsin. Bu halda ət çəkən aparatın da təmizliyinə diqqət yetirmək lazımdır. Ət və ət məhsulları yüksək risk qrupuna aid məhsullar olduğu üçün mikrobioloji çirklənmə daha tez baş verir. Həmçinin ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər.
Hətta vaxtı keçmiş kolbasa, sosiska məhsullarının da qatıldığına dair məlumatlar var. İyi və dadı aradan qaldırmaq üçün ədviyyatlardan da istifadə olunur".
Qeyd edək ki, hazırda əksər supermarketlərdə çəkilmiş ət sümükdən ayrılmış ətdən 20-25 faiz ucuz satılır. Farşın qiymətinin ətin özündən ucuz olması böyük suallar yaradır. Maraqlıdır ki, ətin 1 kiloqramı 14-18 manata satılır. Lakin çəkilmiş dana ətinin qiyməti 10 manata təklif edilir. Ət sümükdən ayrıldıqda və çəkildikdə sahibkar bunu daha baha qiymətə satmalı olsa da tam əksi baş verir. Ət satışı ilə məşğul olan şəxslər ARB-yə bildirib ki, ucuz satılan farşa piy qatıldığı üçün ucuz satılır. Həmçinin yaşlı heyvanın əti də ucuz bazara çıxarılır.