"Hamilə xanımlara çimərliyə getməyə icazə verilir. Lakin günün qızmar saatlarında suya girmək tövsiyə olunmur".
Bunu "Sherg.az"a ginekoloq Ləman Əliyeva hamilə qadının dənizdə batmasından danışarkən deyib. Onun sözlərinə görə, suya səhər saat 11:00-a qədər və ya axşam 17:00-dan sonra girmək məsləhətdir:
"Təhlükəli yerlərdə çimmək isə nəinki hamilə qadınlara, hamıya yasaqdır. Dənizdə batmaq əsasən, çimmək qadağan edilən ərazilərdə baş verir. Hamilələr həkimin tövsiyəsinə əməl edib, deyilən saatlarda üzərlərsə, üzmək bir növ idmandır. Dəniz suyu isə xeyirlidir. Günün ən qızmar çağlarını çıxmaq şərti ilə günəş şüaları vitamin "D" ilə zəngindir".
Qeyd edək ki, Bakıda qadın dənizdə batıb. Hadisə Pirşağı çimərliyində qeydə alınıb. G.M (ad şərtidir) dənizdə çimərkən boğulub. Onun hamilə olduğu bildirilir.