"Son aylar avtomobil bazarının tənzimlənməsi ilə bağlı bir neçə məhdudlaşdırıcı və qiymətin artmasına təsir göstərə biləcək qərarlar qəbul olundu".
Bunu "Sherg.az"a iqtisadçı Natiq Cəfərli ölkəyə gətirilən avtomobillərin bahalaşmasından danışarkən deyib. Onun sözlərinə görə, bu qərarlar həm köhnə maşınların ölkəyə gətirilməsi ilə bağlı qadağaların sərtləşməsi, həm də həmin avtomobillərin üzərinə əlavə 500 manata yaxın utilizasiya haqqının əlavə edilməsi ilə əlaqədardır:
"Bütün bunlar müəyyən dərəcədə bazarda qiymətlərin artımına səbəb olur. Rüsumlar, vergilər, hansısa ödənişlərin artması avtomatik qiymətlərdə də öz əksini tapır. Bahalaşmanın müvəqqəti olduğunu söyləmək təəssüf ki, mümkün deyil. Çünki yeni qaydalar tətbiq edilib və hələ uzun müddət ləğv edilməyənə qədər qüvvədədir. Daha bir qlobal təsir isə ümumi inflyasiya göstəriciləri ilə bağlıdır. Ölkədə hər şeyin qiyməti qalxırsa, inflyasiya avtomobil bazarına da təsirsiz ötüşməyə bilməzdi. Ona görə inflyasiyanın da qiymətlərdə müəyyən qədər əksini görürük".
Qeyd edək ki, Azərbaycana yeni gətirilən avtomobillərin bahalaşması müşahidə edilir. Nəqliyyat vasitələrinin qiyməti artıb və indiki şəraitdə bazarda durğunluq yaşanır.