""Aliment fond"un yaradılması uzun müddətdir, müzakirə olunur, yaxşı təklifdir".
Bunu "Sherg.az"a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova alimentlərlə bağlı danışarkən deyib. Onun sözlərinə görə, prosedur dəqiq işlənməli, beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməlidir:
"Məcburi əməyə cəlbetmə kimi qiymətləndirmə aparılmaması üçün həmin hissə qanunvericilikdə incəliklə hazırlanmalıdır. Amma aliment verməyən valideynlərin uşaqlarına dövlətin ödəmələri reallaşdırması həmin şəxsləri arxayınlaşdıracaq. Bəzən valideynin aliment ödəməyənlər fiziki zorakılıqlar, psixoloji təzyiq və təqiblərə də səbəb olur. Onsuz da aliment verməyənlər cəzalandırılır. Əvvəlcə xəbərdarlıq edilir, sonra 15 sutka həbs verilir, ardınca isə cəza kəsilir. Amma yenə də təsiri yoxdur. Evlilik ərəfəsində nikaha girəndə boşanma prosedurlarını müəyyənləşdirmək vacibdir. Həmçinin nikah müqaviləsini də məcburi formaya salmaq lazımdır".
Qeyd edək ki, Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova aliment tələbinə dair məhkəmə qərarlarının çoxunun yerinə yetirilmədiyini bildirib. Millət vəkilinin sözlərinə görə, problemin aradan qaldırılması üçün ''Aliment fond''u yaradılmalıdır və aliment verməyən şəxslərin uşaqlarına ödəmələr dövlət tərəfindən həyata keçirilməlidir.