"Nazirlər Kabinetinin 94 saylı qərarına görə, ölkənin əmtəə bazarında satılan bütün mallar o cümlədən, ət məhsulları bükülməlidir".
Bunu "Sherg.az"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov ətin saxlanma şəraitindən, təmizliyindən danışarkən deyib. Onun sözlərinə görə, ətin üzərində buraxılma tarixi, yararlılıq müddəti qeyd olunmalıdır, istehsal edildiyi yer göstərilməlidir:
"Lakin diqqət yetirsək, görərik ki, bazarda Nazirlər Kabinetinin verdiyi qərarın heç 1 faizi də yerinə yetirilmir. Bu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səlahiyyətində olan işdir. AQTA küçədə heyvan kəsiminə qarşı mübarizəni cəngəllik qanunları ilə aparır. İstehlakçı üçün əhəmiyyətli olan məsələlər isə arxa planda qalıb. Əlbəttə, ətin buraxılma tarixi, yararlılıq müddəti çox mühüm tələblərdəndir. Əti küçələrdən yox, güvəndiyimiz marketlərdən almalıyıq. Ət məhsulları marketdən alındıqdan istehlakçının masasına gələnə qədər "soyuq zəncirdə" saxlanılmalıdır. Əti başqa qidalarla biri-birinə yaxın qoymaq lazım deyil. Onu uzun müddət istifadə etmədikdə çox kiçik hissələrə bölüb, hər yemək üçün soyuducunun buzxanasında saxlanılmalı, dondurulmalıdır. Bəzən ətin donunu açmaq üçün mikrodalğalı sobalardan istifadə edirlər. Lakin bu, düzgün üsul deyil, çünki məhsul çirklənə bilər. Yaxşı olar ki, bişirilməmişdən bir gün öncə soyuducunun aşağı hissəsinə yerləşdirilsin, donu açılsın, sonra bişirilsin. Nəzərə almaq lazımdır ki, xüsusən də, toyuq əti çox tez xarab olur".
Qeyd edək ki, isti yay günlərində bir sıra məhsulların tez xarab olur. Bunlardan biri də ət məhsullarıdır. Ətin saxlanma şəraitinə, təmizliyinə diqqət etmək lazımdır.