Ermənilər Araz çayını çirkləndirir: Çıxış yolu nədir?

""Azərsu"nun içməli suya qənaətlə bağlı müraciətini normal qiymətləndirirəm. Çünki Azərbaycan Cənubi Qafqaz ölkələri arasında içməli su ehtiyatı az olan dövlətdir".

Bunu "Sherg.az"a “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli istehlakçılardan bu günlərdə içməli sudan mümkün qədər qənaətlə istifadə etmələri və su israfçılığına yol verməmələri ilə bağlı "Azərsu"yun əhaliyə müraciətindən danışarkən deyib. Onun sözlərinə görə, əsas içməli su qaynağımız Kür, Araz, Samur kimi transsərhəd çaylarıdır:


"Qonşu Ermənistanın dağ mədən sənayesi müəssisələri adıçəkilən çayların bir qismini çirkləndirməyə məruz qoyub. Bununla bağlı ekoloji təşkilatlar bir neçə aydır ki, həyəcan təbili çalır. Ermənilər xüsusən, Araz çayını çirkləndirir. Dolayısilə ilə Kür çayı Bərgüşad və çayın üzərində yerləşən şəhərlərin məişət tullantıları vasitəsilə çirkləndirilir. Bildiyimiz kimi, Kür çayı Türkiyədən başlayıb, Gürcüstana keçir. Tiflis şəhərinin kanalizasiya suları Kür çayına axıdılır. Əhali, istehlakçılar içməli su ehtiyatlarımızın azlığını nəzərə almalıdır. Çıxış yollarından biri mümkün qədər əhali qruplarının xüsusən də, iri şəhərlərdə qənaət rejiminə keçmələridir. Hətta mətbəxdə belə su krandan boşuna axıdılmamalıdır. Texniki su şəbəkəsi Bakıda bir zamanlar var idi, indi də bərpasına ehtiyac yaranıb. Texniki su şəbəkəsi məişət tullantılarının axıdıldığı suyun təkrar emal olunaraq, texniki su şəklində yaşıllaşdırma, avtoyuma məntəqələrinə geri qaytarılmasıdır. Bu gün Bakıda və Abşeron rayonunda, həmçinin digər böyük şəhərlərdə ürəkağrıdan mənzərənin şahidi oluruq. Hamımız avtoyuma məntəqələrinin qarşısında yaranan növbəni görürük. Beləliklə, gündəlik su sərfiyyatının da nə qədər olduğunu təxmin edə bilirik. Halbuki avtomobilləri texniki su ilə də yumaq mümkündür. Xəzər rayonu Binə qəsəbəsində bir zamanlar mənzillərə texniki su verilirdi. İçməli suyu əllə daşıyırdılar və ya su maşınlarından götürürdülər. Deyəsən, Ramana qəsəbəsində insanlar içməli suyu indiyə qədər su maşınlarından götürürlər. Evlərə verilən texniki su vasitəsilə yemək bişirmək, çay qaynatmaq olmurdu, həmin su ancaq paltar, qab yumaq üçün istifadə edilirdi. Həmin su şəbəkələrini bərpa etsək, yaşıllaşdırma idarələri də, avtoyuma məntəqələri də ondan yararlana bilər. Nəticədə içməli su ehtiyacına xeyli qənaət etmiş olarlar. Su artıq onsuz da şəhərdə qrafiklə verilirdi. Məsələn, Xətai rayonunda su 24 saat verilmir. Fasilələrlə verilişinin çıxış yolu yoxdur. Çünki ölkəmiz su ehtiyatı ilə zəngin deyil. Başqa çıxış yolu da var. Bildiyimiz kimi, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra ərazilərinin 20 faizini düşməndən geri alıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələri su resursları ilə zəngindir. Həmin çaylardan səmərəli faydalana bilərik. Eyni zamanda su anbarları tikilməlidir. Həmin su anbarlarından iri şəhərlərə su nəql olunmalıdır. Həmçinin təsərrüfat məqsədli əkin torpaqlarını suvarmaq üçün bir neçə kanallar var. Yuxarı Qarabağ kanalı, Samur-Abşeron kanalında suyun nəqli, suvarması köhnə, sovet metodları ilə həyata keçirilir. Lakin nəzərə almaq lazımdır ki, bol sulu 70-ci illərdə yaşamırıq. Artıq qlobal istiləşmə baş verir, çaylarda su quruyur. Kür çayının ötən il nə vəziyyətə düşdüyü məlumdur. Ürəkağrıdan mənzərə yaranmışdı. Dəli Kür dediyimiz çayda "adacıqlar" əmələ gəlmişdi. Su anbarları tikilməli, israfçılıq azaldılmalıdır. Həmçinin suvarılma sistemi damcı üsulu ilə həyata keçirilməlidir. Əvvəlki selləmə suvarma metodundan imtina etmək lazımdır. Bizim o qədər su resurslarımız yoxdur ki, əkin sahələrini suvaraq, iri şəhərlərimizi içməli su ilə təmin edək. Azərbaycan əhalisinin sayı 10 milyona çatıb və onların əhəmiyyətli qismi iri şəhərlərdə yaşayırlar. Təkrar emal üzərində dayanmaq mütləqdir. Lazım gəlsə, xarici mütəxəssislər, ekspertlər dəvət edilməlidir ki, bu məsələnin həllinə nail olaq. Əks halda Azərbaycan içməli su ehtiyatının azalması səbəbilə ciddi böhran yaşaya bilər".

Qeyd edək ki,  artan tələbatın ödənilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda istehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər görməkdədir. “Azərsu”dan verilən məlumata görə, havanın temperaturunun yüksək olması ilə əlaqədar mənbələrdən ötürülən suyun həcmi artırılıb. Eyni zamanda anbar ehtiyatlarının toplanması və şəbəkələrin tənzimlənməsi işləri həyata keçirilir. Hidrometeroloji proqnozlara görə, kəskin istilərin qarşıdakı günlərdə də davam edəcəyini nəzərə alaraq, istehlakçılardan bu günlərdə içməli sudan mümkün qədər qənaətlə istifadə etmələri və su israfçılığına yol verməmələri xahiş olunur.