Keyfiyyətli dondurmanı necə seçməliyik?  - Qida mütəxəssisi

"Dondurma yay aylarında ən çox yeyilən məhsullardandır. Xüsusilə də, tərkibində süd məhsulu var, ona görə də xarab olmağa daha çox meyillidir".

Bunu "Sherg.az"a  Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. Ekspertin sözlərinə görə, düzgün şəkildə hazırlanmayan, saxlanılmayan dondurmalar bir çox xəstəliklərə, eyni zamanda mədə-bağırsaq sistemində pozulmalara səbəb ola bilər:
"Yay aylarında müvafiq qurumlar monitorinqlər aparsa da, bunun hər bir nöqtəyə çatmadığı açıq-aşkar ortadadır. Bəzən dondurmalar açıq şəkildə, çəki ilə satılır. Eyni zamanda günəş altında satılanlar da risk qrupuna daxildir. Çünki belə dondurmaların üzərində etiket məlumatları yazılmadığına görə, təzəliyi və ya köhnəliyini bilmək olmur. Həmin desertlərdə meyvə, dadlandırıcı, mürəbbə və cemlər istifadə olunur. Həmçinin souslardan yararlanırlar ki, bunlar da daha təhlükəlidir. Açıq şəkildə satılan dondurmanın saxlanma müddəti 2-3 günü keçməməlidir".
 
Mütəxəssis keyfiyyəti, mənşəyi bəlli olmayan yerdən dondurmanın alınmasını məsləhət görmür:
"Çünki dondurma süd, qaymaq, kərə yağından hazırlanan bir desertdir. Lakin bu gün çox ucuz qiymətə də dondurmalar satılır. Həmin desertlər süd, qaymaq, kərə yağından deyil, hər hansı bir dadlandırıcılar, kimyəvi qatqı maddələrindən ibarət bir kütlədir. Bunlar da insan orqanizmində qaraciyər və böyrəklərdə toksinlərin yığılmasına və böyrək çatışmazlığına səbəb ola bilər. Paketlənmiş dondurma alacağıqsa, bu zaman diqqət edəcəyimiz əsas məqam istehsalçı şirkətin bütün məlumatları (ünvan əlaqə nömrəsi, dondurmanın tərkibi) kağızın üzərində qeyd edilməlidir. Ən azı 70 faizini süd, qaymaq, kərə yağı, digər 30 faizini isə köməkçi maddələr təşkil etməlidir". 

M.Hüseynova bildirib ki, digər diqqət etməli olduğumuz məqamlardan biri dondurmanı yeyərkən ağızda xoşagəlməz, acı dadın hiss edilməsidir:
"Bu onun tərkibinin keyfiyyətsiz olduğunun göstəricisidir. Dondurma gün ərzində yayda 150-200 qramı keçməmək miqdarı ilə qəbul olunmalıdır. Yeməkdən sonra yemək tövsiyə edilmir. Yaxşı olar ki, ara yemək vaxtında yeyilsin. Dondurmadan əvvəl və ya dərhal sonra isti maye, qida qəbulu da dişlərin, damağın zədələnməsinə səbəb ola bilər".