"19 yaşında olan gənclər kamil sayılmaz. Onların zamanında hər birimiz elə davranardıq. Çünki həmin illərdə gənclər bütün rəngləri gözəl görürlər. Cavanların aləmində qara rəng yoxdur. Hər şeyin həmişə qırmızı, çəhrayı qalacağını düşünürlər.".
Bunu "Sherg.az"a tanınmış, Əməkdar jurnalist Ləman Ələşrəfqızı evdən qaçan 19 yaşlı oğlanla qızın itkin düşməsindən danışarkən deyib. O diqqətə çatdırıb ki, ailə həyatı mürəkkəbdir:
" Ona görə də həmin gənclərdən çox valideynlərini qınayıram. Çünki ana-ata hər gün övladları ilə söhbətlər aparmalıdır. Allah məni belə bir aqibətlə heç vaxt rastlaşdırmasın. Çünki onu haqq etmirəm. Hər gün qızıma da, oğluma da deyirəm ki, ailə həyatını kamil yaşda, öz ayaqlarının üzərində dura biləndə qurmaq lazımdır. Bəzən qızların bir az tez ərə getmək istədiyini deyirlər. Həmişə onu təlqin edirəm. Birinci təhsil, iş, karyera, sonra ailə həyatı qurmaq haqqında fikirləşmək olar. Evlənmək həmişə var, təhsil isə yoxdur. Ana-atalar həmişə qızlarına təhsil almağın vacibliyi barədə öyüd-nəsihət verməlidirlər. Lakin bəzi ailələrdə qızlarımız göz açandan analarının onlar üçün cehiz yığdığını görürlər. Əlbəttə, bu halda qız ərə getməyə tələsəcək. Təki həmin cavanlar xoşbəxt olsunlar. Amma o uşaqların heç birinin əlində təhsili, yaşamağa yeri yoxdursa, onların hansı xoşbəxt həyatından danışmaq mümkündür?! Bəlkə də, 15-20 il bundan əvvəlki vaxtda xoşbəxt olardılar. Çünki bəzən böyüklərdən "sevdiyim yarım olsun, kol dibi yerim" kimi maraqlı atalar sözləri eşidirdik. Amma artıq heç kim kol dibini istəmir. Hamı gözəl evlərdə, saraylarda yaşamağı arzulayır. Allah həmin gəncləri xoşbəxt eləsin. Amma düşünürəm ki, səhv addımdır. Gənclik qaynar, emosional, çılğın olur. Eyni zamanda da yaşamağa yer, təhsil olmayanda məhəbbət bir gün tükənəcək".
Qeyd edək ki, bir aydan çoxdur, itki düşmüş İsmayıllı rayon sakinləri Ağaverdi Xəilov və həmyaşıdı Aytac Mayılovanın yeri müəyyən edilib. Ötən gün A.Xəlilov nənəsi ilə əlaqə saxlayaraq, Aytacla birlikdə Bakıda olduqlarını deyib. O, paytaxtda iş tapdığını,vəziyyətlərinin yaxşı olduğunu bildirib.
Xatırladaq ki, 19 yaşlı Ağaverdi və həmyaşıdı Aytac iyulun 9-da gecə saatlarında evdən çıxaraq, bir daha geri qayıtmayıblar. Valideynləri onların itkin düşmələri ilə bağlı polisə məlumat verib.