Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ailə və Gənclik Bankı ilə bağlı açıqladığı məsələnin təfərrüatları aydınlaşmağa başlayıb. İlk olaraq bank vasitəsilə ailə quracaq gənclərə iki il güzəştli 150 min lirə faizsiz kredit veriləcək.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, qanun layihəsinin mətni hazırlanıb və gələn həftə Milli Məclisin gündəliyinə çıxarılacaq.
Ailə və Gənclik Bankının ilk məhsulu gənclər üçün kredit paketi olacaq. Yeni evlənənlərə 150 min lirə faizsiz kredit veriləcək, ilk iki il ödənişsiz, 5 ildə geri qaytarılacaq. Kredit paketi üçün xüsusi ilə zəlzələ bölgəsində yaşayan vətəndaşlara üstünlük veriləcək.
Kreditdən yararlanmaq istəyən gənclər Elektron Hökumət vasitəsilə müraciət edəcəklər.
Kreditin məbləği müəyyən edilərkən fiziki şəxslərin gəlir statusu nəzərə alınacaq. Etibarlı yaş həddi daha sonra elan ediləcək.
Ailə və Gənclər Bankı Xəzinə və Maliyyə, Ailə və Sosial Siyasətlər və Gənclər və İdman nazirliklərinin nümayəndələri tərəfindən yaradılacaq və fond kimi fəaliyyət göstərəcək. Mədən, təbii qaz və neft gəlirlərində dövlətin payının bir hissəsi Ailə və Gənclər Bankı fonduna köçürüləcək. Fonda köçürülən pay həyata keçiriləcək layihələrdən asılı olaraq artırılacaq.