Onun arabası var... -  “Təkərli kitab dükanı”

Gəlin, burda kitab var, gəlin bura...

Şahbaz Xuduoğlu: “Kitablar çox bahadır!"- ən çox eşitdiyim söz oldu”.



Kitab mədəniyyətinin təbliğinə xidmət edən hər bir fəaliyyət təqdir olunmalı, dəstəklənməlidir. Çünki cəmiyyətin mədəni-intellektual inkişafının əsas göstəricilərindən biri də kitaba olan münasibət və mütailənin səviyyəsidir. 
Şəhər və qəsəbələrimizdə kitab mağazalarının sayının artması, müntəzəm kitab bayramlarının keçirilməsi həm də çoxsaylı insanın yaşadığı ərazilərdə müxtəlif maraq dairəsi olan adamların zərərli vərdişlərdən çəkindirilməsi və diqqətlərinin faydalı işlərə yönləndirilməsi baxımından əhəmiyyətlidir.
“Təkərli kitab dükanı” layihəsi bu xüsusda bir örnəkdir. 
Qeyd edək ki,  “Qanun” nəşrlər evi və “Əli və Nino” kitab mağazaları şəbəkəsi yeni layihəyə başlayıb.  “Təkərli kitab dükanı" adlı yeni layihədə hər həftə bir bölgəyə səfər edərək, 1,2,3 manata, endirimli kitab satışı həyata keçirir.
Bu layihə cəmiyyətin maarifləndirilməsi, kitaba sevgi aşılanması, kitabın təbliği baxımından bir fədakarlıqdır, örnəkdir. Kitabın qədr-qiymətinin aşağı düşdüyü bir zəmanədə kitabı kənd-kənd, şəhər-şəhər gəzdirmək qaranlıq bir mühitə işıq aparmaq kimi bir şeydir.  Nigar Köçərlinin və Şahbaz bəy Xuduoğlunun "Təkərli kitab dükanı" sadəcə kitab ticarəti deyil, əyalət əhlinin gözünə işıq verməkdər, ruhuna mənavi qida verməkdir, cəmiyyətə örnək verməkdir.
 Səyyar kitab dükanı ilk olaraq Bakının Fatmayı kəndində, daha sonra isə Xırdalan qəsəbəsində, Aşağı güzdək kəndində kitab satışı edib.

"Bir də gəlin"
Bu dəfə isə “Təkərli kitab dükanı” Şamaxı ilə Xızı arasında seçim edə bilməyib deyə Ələtə gedib. Beşmərtəbənin yanında bir maşın dayanmışdı, meyvə satırdı.  “Təkərli kitab dükanı” da elə onun yanına döndü. Meyvəsatan kitab  dükanına yaxınlaşıb , "Razumnıy investor" kitabı ilə maraqlandı. Daha sonra isə idman malları dükanının sahibi yaxınlaşdı, dəmir- dümür, xırdavat satanlar da. Balkondan baxan bir xanım "nə satırlar" deyə qışqırdı, qiymətlərlə maraqlandı. Az sonra uşaqlar ovuclarında bərk-bərk gizlətdikləri 50 qəpik, 1 manatla təkərli kitabın önündə düzdüyümüz, nağıllar, boyama kitabları arasında seçim etdilər. Dəstə-dəstə məktəbli qızlar oğlanlar yaxınlaşdılar. 11-sinif şagirdləri idi. Kurslara gedirdilər. "Kitablara baxaq, almasaq da". Oğlanlardan biri isə yalnız türkcə oxuduğunu dedi: "Öz dilimizdə oxuya bilmirəm" . Daha sonra velosipedlə  gələn bir kişi də yaxınlaşdı. Nizamülmülkün "Siyasətnamə"sini istədi. "Məndə kirilcə var, istədim uşaqların da olsun". Az sonra yenə də gəldi və 1 manatlıq kitablar seçdi.
“Bu vaxta qədər elə bir kitab dükanı olmayıb yanından kitab almadan keçim" – bunu isə ahıl bir kişi deyir, əlində ağacı da var, "amma indi, deyəsən, heç nə ala bilməyəcəm".  
Namazdan qayıdan iki ağsaqqal da  təkərliyə baş çəkdi. Biri uzaqdan "Mirzə Ələkbər Sabirin kitabı var" deyə səsləndi.  Yaxınlaşanda  hərəsi bir "Hophopnamə"   aldı. Əl Qəzalinin kitabını bir az vərəqləyib nəsə pıçıldaşdılar, sonra geri qoydular. Şamaxılıdırlar. Uzaqdan səslənən kişi “Sabirin kitabını başımın altına qoyuram. Gecə arada vərəqləyib oxuyuram”- dedi.
Gələnlər əsasən məktəbli kitabları ilə maraqlanırlar. Gedim uşaqları gətirim kitablara baxsınlar da deyirlər. "Bir də gəlin". Bunu bir neçə nəfər təkrar etdi.
Ümumiyyətlə, Ələt qəribə yerdi. Həm şəhərdi, həm də ucqar kənd. Köhnə 5 mərtəbəli qaçqınların binasını xatırladır. Əksər mənzilin içəri kanalizasiya xətləri işləmir deyə binanın çölü ilə aparılır. Harada binalar bitir, harada evləri başlayır, bilinmir. Küçələrdə dolanan keçilər çoxdur.
Təkərli kitab dükanını yığışanda  yanından toy karvanı keçdi. Məhlədəki şadlıq sarayına gedirdi. Məhlənin sakinləri balkonlara çıxıb tamaşa edirlər.
Balkondan balkona, balkondan yerə danışan adamlar çoxdur.

Təkərli kitab dükanı” geniş xalq dəstəyi alacaq

Reaksiyalardan da göründüyü kimi “Təkərli kitab dükanı”nın çox pozitiv aurası var.  Yoluna davam edən "Təkərli" tədricən öz auditoriyasını da qazanır.
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə layihəyə ehtiyacın necə yarandığı və qarşılaşdıqları problemlər haqda danışdıq. Eyni zamanda “Təkərli kitab dükanı”nın getdiyi yollara qısa bir nəzər saldıq. 
Naşir deyir ki, niyyətləri Azərbaycanın bütün guşələrində, kəndində, dağı - dərəsində yaşıyan hər kəs üçün kitabı əlçatan etməkdir:
“ Uzun müddət idi ucqar rayonları, kəndləri kitabla təmin etmək üçün nəsə bir ideya axtarırdıq. Qərar verdik ki, elə ən yaxşısı  hərəkət edən, qapıları döyən, evlərə qonaq gedən kitab dükanı yaratmaqdır. Bu səbəbdən "Təkərli kitab dükanı" yaratdıq.
Hər həftə  müxtəlif  əraziyə səfər edirik ki, mərkəzdən uzaqda  yaşayan insanlara da 1,2,3 manata, endirimli  kitab daşıyaq. Eləcə də özümüzlə yaradıcı insanları həmin yerlərə aparaq. Kəndlərimizdə açıq səma altında poeziya, yaradıcılıq, qiraət  axşamları təşkil edib kitab mühiti yaradırıq. Biz sadə insanların, müəllim- şagirdlərin çağırışına gedirik ki, cəmiyyətdə kitab gözə görünsün.
Yer seçimi zamanı  yaxından uzağa doğru səfər edirik. Getməzdən əvvəl öz səhifələrimizdə, “Təkərli kitab dükanı” üçün yaradılan ayrıca instaqram səhifəsində öz marşrutlarımızı, gedəcəyimiz yerləri paylaşırıq. Bacardığımız qədər bütün ölkə ərazisinə səfər edib, səyyar kitab satışını təşkil edəcəyik.  “Təkərli kitab dükanı”na  əhalinin reaksiyası çox yaxşıdır.  Bizim insanlarımız qonaqpərvərdir. Getdiyimiz hər rayonda, hər kənddə səyyar kitab satışı layihəmiz rəğbət qazanır. Hər halda ilk dəfədir Azərbaycanda belə bir addım atıldığı üçün risklər var. İlk iş həmişə çətin olur. Amma mən inanıram, inanıram ki, ünsiyyətimiz, satışımız ürəyimizcə olacaq və “Təkərli kitab dükanı” geniş xalq dəstəyi alacaq. 

Bəziləri əllərində hazır kitab siyahısı ilə gəlmişdi

Ş. Xuduoğlu deyib ki,  “Təkərli kitab dükanı”nda daha çox oxunan, yerli və tərcümə olunan kitabların hər birindən olur. Eyni zamanda da  kataloqları aparırlar ki, olmayan kitabların  sifarişini qəbul edib  sonradan ünvana göndərsinlər. Sözsüz ki, getdiyimiz yerlər rayon, kənd  yeri olduğu üçün bahalı kitabların sayı o qədər də çox olmur: 
““Təkərli kitab dükanı" nın öz yoluna Fatmayi kəndindən başladı. 
Fatmaiydə Quran və başqa dini məzmunlu kitablara daha çox maraq göstərdilər.
Sonrakı həftə isə “Təkərli kitab dükanı" Xırdalanda oldu.
Bir neçə yerə baxandan sonra köhnə Universamın qarşısında parkın yanında dayandıq.  Gələnlər arasında uşaqlı ailələr və müəllimlər çox idilər. Bizi instaqramdan izləyirlər. Bəziləri əllərində hazır kitab siyahısı ilə gəlmişdi. Gənclər və yuxarı sinif şagirdləri çox idi.  Ailələr daha çox uşaq nağılları ilə maraqlanırdılar. Təhsillə bağlı, uşaqlarla ünsiyyət, tərbiyəvi kitabları da soruşdular. Bir necə nəfər rus və ingilis dilində də kitab istədilər. Osmanlı tarixi, Səfəvilərdən yazılan amma qalın olmayan kitablara da maraq göstərdilər.  Bədənlə bağlı kitab istədilər, mənə çox maraqlı gəldi, həm də şəkilli olsun dedilər.
"Kitablar çox bahadır!" Ən çox eşitdiyim söz oldu”.

“Təkərli kitab dükanı” rəğbət qazanacaq

  “Əli və Nino" kitab mağazası şəbəkəsinin rəhbəri Nigar Köçərli isə bizimlə söhbətində deyib ki, onların əsas hədəfi satış deyil. İnsanları kitaba daha yaxın etməkdir: “Ucqar kəndlərdə yaşayanlar üçün kitablar demək olar ki, əlçatmazdır. Nə kitab dükanları var, nə də kitabxanalar.  
Məqsədimiz o kəndlər və oralarda yaşayanlar üçün  kitabı əlçatan etməkdir.
Yaşayış yeri insanın inkişafına əngəl olmalı deyil.  Ucqarlarda yaşadıqları üçün kitabı əldə edə bilmirlərsə, demək biz kitabla onlara doğru getməliyik.
O kəndləri  1-2 manatlıq kitabla təmin etməklə yanaşı, söz və sənət adamlarını, yazarları, şairləri özümüzlə aparıb, ulduzlu səma altında,  bir tonqal ətrafında maraqlı müzakirələr açmaqla kitabı insanlara daha çox sevdirəcəyik.
Bu məqsədlə kitabı təkərlər üstünə qaldırdıq, necə deyərlər, hərəkət üçün onlara can verdik. 
Hədəflərimiz böyükdür, Azərbaycan sərhədləri boyda – Şahbaz bəylə hər həftə bir ucqar kəndə gedirik. İlk səfərimizdə “Təkərli Kitab Dükanı”nı sınamaq üçün ilk olaraq yolumuzu uzaqdan yox, Bakının Fatmayı kəndindən saldıq. Ümumi olaraq, yaxşı idi. Əhalinin reaksiyası, uşaqların marağı bizi çox sevindirdi.  Yadımda ən çox qalan nüans isə velosiped sürən balaca oğlanlar oldu. Bizi görüb yaxınlaşdılar həyəcanla, həvəslə kitablara baxıb seçirdilər. Böyüyü 1 manatlıq kitabı seçib, balacanı evə pul dalıyca göndərdi, özü də başladı bütün dostlarına zəng vurmağa ki, gəlin, burda kitab var, gəlin bura. 10 dəqiqədən sonra bütün dostları qaça-qaça gəldilər. Uşaqların kitaba olan marağı bizim üçün çox müsbət hal idi”.
  N.Köçərlinin sözlərinə görə, layihənin məqsədi “Təkərli Kitab Dükanı” ilə ucqar kəndləri gəzmək olsa da, yolda qalmamaq, nöqsanlarını bilmək üçün ilk səfərlərini Bakı və Bakıərtafı kəndlərə ediblər: “Bildiyiniz kimi, Fatmayıdan sonra “Təkərli Kitab Dükanı” Xırdalana üz tutdu. Orada "Köhnə universam"ın qarşısındakı parkın yanında dayandıq. Heç kim bizə mane olmadı deyə axşam saatlarına qədər işimizə davam etdik.  Fatmayı ilə müqayisədə Xırdalan sakinləri daha hazırlıqlı idi, sanki kitab oxuyan insanların da sayı çoxdur. Orada bizə yaxınlaşan insanlar nə istədiklərini, konkret olaraq hansı kitabı alacaqlarını bilirdilər. Gələnlər arasında uşaqlı ailələr və müəllimlər çox idilər. Hətta bir neçə nəfər sosial media hesabımızı izlədiyi üçün gəlişimizdən xəbərdar olduqlarını dedi. Bir sözlə, Xırdalan səfərimizi çox bəyəndim. Bu dəfə də Ələtdə “Təkərli kitab dükanı” komandası ilə birlikdə maraqlı bir gün keçirdik. Ümid edirəm ki, gələcək səfərlərimizdən də bu cür xoş aura ilə qayıdarıq”.  

"Təkərli kitab"yoluna davam edir

“Təkərli kitab dükanı”  ilə birlikdə  bir neçə dəfə  kəndlərə  səfər edən yazar Cəlil Cavanşir  layihə ilə bağlı təəssüratlarını “Sherg.az"la bölüşüb:
- "Təkərli Kitab Dükanı" "Qanun" nəşriyyatı və "Ali & Nino" kitab mağazasının birgə layihəsidir. Bir yazıçı və mədəniyyət adamı kimi bu layihəni təbii ki, təqdir edirəm. Uğurlu və faydalı olacağına da çox inanıram. İlk səfərdə bir balaca xoşagəlməz hal yaşanmışdı, bu barədə danışmaq istəmirəm. Ancaq Xırdalanda "Təkərli Kitab Dükanı" çox gözəl qarşılandı. Hava şəraiti əlverişsiz olsa da, insanların bu təşəbbüsə münasibəti çox yaxşı idi. Xüsusilə gənclər, yeniyetmələr və evdar xanımlar ciddi maraq göstərirdi.  Aşağı Güzdəyin isə  uşaqlarını çox sevdim. "Təkərli kitab dükanı"na uşaqların möhtəşəm, səmimi marağı könlümüzü açdı... “Təkərli Kitab Dükanı" ölkənin bütün bölgələrini gəzməyi planlaşdırır. Çalışacağam ki, mən də bu səfərlərdə iştirak edim, bu işə bacardığım dəstəyi göstərim. İnanıram və ümid edirəm ki, hər şey arzuladığımız kimi olacaq. Bu layihənin davamlılığı ölkədə kitab sənayesinə, kitab bazarına ciddi təkan verəcək və daha gözəl işlər görüləcək”. 
  Layihəni müsbət hadisə kimi dəyərləndirən jurnalist Çingiz Sultansoy isə sosial media hesabında çox maraqlı təkliflə çıxış edib: 
“Hörmətli Şahbaz bəy, bəlkə bir musiqi parçası seçəsiniz, maşın gələndə də, gedəndə də, elə arada da səslənsin. Az sonra tanıyandan, öyrəşəndən sonra adamlar, potensial oxucular, müştərilər onu eşidəndə biləcəklər ki, "Təkərli Kitab Dükanı" gəlib, buradadır. Maşın pəncərədən, ağacların, ya tinin arxasından görünməyə bilər, amma musiqi bütün pəncərələrdən, bütün qulaqlara dolur, maşının gəlməsini xəbər verir. Məsələn, Almaniyada bütün uşaqlar-böyüklər bilir ki, müəyyən şən və yaddaqalan, qısa musiqi parçası "şarmanka" kimi çalınanda, təkrarlananda səyyar dondurmasatan dükan-maşın həyətdədir, özü görünməsə də...”.