Kürdəmirdə iki azyaşlı kimyəvi maddə içərək zəhərlənib.
“Report” xəbər verir ki, hadisə rayonun Köhünlü və Ərşəli kəndlərində qeydə alınıb.
Belə ki, rayonun Köhünlü kənd sakini, 2019-cu il təvəllüdlü M.V.Tağızadə səhvən ev heyvanı dərmanı, rayonun Ərşəli kənd sakini, 2022-il təvəllüdlü İ.R.Hüseynov isə “Naftalan yağı” içərək zəhərləniblər.
Hər iki uşaq dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bədbəxt hadisə ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, dünya ölkələrinin hər birində orta hesabla ildə 1500-2000 uşaq ev qəzalarında dünyasını dəyişir:
"İnkişaf etmiş ölkələrdə hər 100 uşaqdan biri diqqətsizliyin qurbanı olaraq ev qəzalarında can verir. Uşaqların həyatının yarıda qırılmaması, şikəst qalmaması üçün valideynlərdən çox şey asılıdır. Gözümüz kimi baxdığımız hər addımını izlədiyimiz uşaqlar bəzən evdə elə qəzalar törədir ki, nəticəsi həm özlərinə zərər verir, həm də valideynlərə qorxu yaşadır. Bəzən valideyni günahlandırırlar, amma hesab edirəm ki,bu hadisələr bütün hallarda valideyn diqqətsizliyindən baş vermir. Dövrümüzün uşaqları tabe olmur, nadincdirlər, qadağanı anlamırlar. Amma bu o demək deyil ki, valideyn məsuliyyətdən yaxa qurtarır. Ev qəzalarında ən çox zərər verən texnika fırlanan motoru olan aparatlar, isitmə və qurutma aparatları, sobalar, pəncərə və qapı şüşələri, elektrik paylayıcıları, naqillərdir. İndi evlərimizdə bir çox texnikanın köməyi ilə yaşayırıq, əksər texniki avadanlıq isə uşaqların əli rahatlıqla çatan yerdə quraşdırılır. Kimyəvi dərmanlar, yuyucu tozlar, sabun və şampunlar üçün gizli dolablarımız demək olar ki, yoxdur. Hər birimiz hadisə olanadək “mənim başıma gəlməz” deyirik. Amma başımıza gəldikdə çox gec olur. Əvvəlcədən tədbirli olmaq lazımdır".