Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Səfər Omarovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, yeddi il altı ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Səfər Omarov “Facebook”da dostluq etdiyi zərərçəkmiş Kərəm Kərəmlinin (şərti) 13 avqust 2022-ci il tarixdə həmin sosial şəbəkədə paylaşdığı statusa rəy yazıb. Zərərçəkmiş şəxs isə həmin rəyi bəyənməyərək mobil telefon vasitəsilə onunla sözlü mübahisə edib, yaşadığı Bərdə rayonuna çağıraraq, mütəmadi söyüb, təhqir edib. Səfər də bundan əsəbiləşərək qisas almaq niyyəti ilə qəsdən Kərəmi öldürmək qərarına gəlib. Belə ki, o, 14 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı Salyan rayonundan Bərdə şəhəri ərazisinə gələrək, həmin tarixdə, saat 19:30-da Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində asfalt yolun kənarında zərərçəkmiş şəxs ilə görüşüb. Səfər əvvəlcə sözlü mübahisə edib, daha sonra isə üzərində gəzdirdiyi cib bıçağını çıxararaq qəsdən Kərəmə ardıcıl səkkiz dəfə zərbə endirib və hadisə yerinə uzaqlaşıb.
Zərərçəkmiş şəxs ətrafdakıların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlərin səyi nəticəsində xilas edilib. Hadisədən sonra Səfər Omarov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə Səfər Omarov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, evin tək övladı olub, hadisə zamanı Salyan rayon Marışlı kənd Ramiz Qafarov adına tam orta məktəbin 11-ci sinfində oxuyub.
Hadisəyə münasibət bildirən psixoloq Elmir Əkbər "Sherg.az"a bildirib ki, indi virtual həyatın gücləndiyi dövrdür:
"Sosial şəbəkələrdəki həyat insanların real həyatı ilə bir -birinə sıx bağlanıb. Əhalinin bütün təbəqələri eyni tərbiyəyə, səviyyəyə, mədəniyyətə malik deyil. Kimsə tanınmamağından istifadə edib ağzına gələni yaza bilir. Qarşı tərəf isə öz emosianal kontrolunu psixoloji baxımdan zəif olduğu üçün idarə edə bilmir. Nəticədə belə hadisələrlə üzləşirik. Bu böyük bir faciədir. Həlli isə düzgün psixoloji yönləndirmədən keçir. Xüsusi ilə yeniyetmə övladları olan valideynlər diqqətli olmalıdır. "Keçid dövrüdür, düzələcək" kimi sözlərə aldanmasınlar. Sonda evdən qaçanların, zərərli vərdişlərə aludə olanalrın, cinayətə meyillənənlərin şahidi oluruq. Valideyn övladında hər hansı emosional problem yarandığını görəndə psixoterapevtdə müraciət etməkdən çəkinməməlidir. İndiki dövr bunu tələb edir. Sosial şəbəkələr dövründə ailələrdə bu tip problemlər qaçılmaz vəziyyətdir. Səbəbi isə insanların psixikası, baş verən hiperaktiv dəyişikliklərə, adaptasiya ola bilməməsidir. Bu da aqressiyanın yüksək həddə çatmasına gətrib çıxarır".