Azərbaycanda din xadimləri artıq onlar üçün təsis edilən yeni geyim formasından istifadə edirlər.
Axar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Qeyd edək ki, din xadimlərinin vahid forması mavi rəngdədir.
Belə bir sual ortaya çıxır. Din xadimləri üçün belə bir vahid formaya ehtiyac varmı?
Məlum məsələ ilə bağlı suallarımızı cavablandıran ilahiyyatçı-alim Elşad Miri bildirib ki, İslam dinində hər hansı vahid geyim forması mövcud deyil:
"Peyğəmbərlərin, səhabələrin xüsusi geyim tərzi olmadığı kimi, dindarların da uniforması mövcud deyil. Sonrakı dövrlərdə ortaya çıxmış bir ideyadır. "Qurani Kərim"də ən gözəl libasın təqva, yəni Allaha qarşı daha məsuliyyətli olmağı bildirilir. İslam dinində xüsusi bir geyim anlayışı sonradan uydurulan anlayışdır. Din xadimliyi olmadığına görə, bunu peşə halına gətirdilər. Onları digərlərindən fərqləndirmək üçün xüsusi bir geyim şəklində təqdim etdilər. İndiki zamanda yaşayan biri peyğəmbərin dövründə olsa və onun ən yaxın dostu Əbu Bəkrlə yaxınlaşsaydı, eyni geyimdə olduğunu görərdi. Peyğəmbərə ən qatı düşmən olan Əbu Cəhlində eyni formada geyindiyinin şahidi olardı. Hətta rəvayətlərə görə, görünüş eyni olduğu üçün insanlar kimin peyğəmbər olduğunu bilməkdə çətinlik çəkirdilər. Mollaların, din xadimlərinin müxtəlif formada geyindirilməsi yalnış anlayışın təzahürüdür. Bu geyimlərin təşkilinin din məsələsinə heç bir aidiyyatı yoxdur".