Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda pensiya yaşının azaldılması ilə bağlı məsələyə bir daha aydınlıq gətirib.
Məsələ ilə bağlı nazirliyin Trend-ə açıqlamasında pensiya yaşının azaldılması deyil, artırılmasının gündəmdə olduğu aydınlaşır.
“Hazırda dünyanın bir çox ölkəsində pensiya yaş həddi 65 və daha yüksəkdir. Pensiya yaşının azaldılması məsələsinə əmək fəaliyyətinin son yaş həddi ilə birlikdə baxılmalıdır. Çünki pensiya yaşına çatmaq bir sığorta hadisəsidir, şəxsin əmək qabiliyyəti olmaması deməkdir. Təcrübə göstərir ki, pensiyaya çıxdıqdan sonra uzun müddət pensiya alanların sayı kifayət qədər çoxdur (yaşa görə 68,5% pensiyaçı 12 ildən artıqdır ki, ödəniş alır).
Bildirilib ki, nazirlik və Dünya Bankının hesablamalarına əsasən 2050-ci ildə gözlənilən orta ömür uzunluğu qadınlarda 82,8 yaş, kişilərdə isə 79,8 yaş təşkil edəcəkdir (yəni ödəniş müddəti daha da artacaqdır):
“Pensiyaya çıxma yaşı ölkəmizlə yanaşı, əksər ölkələrdə, eləcə də regionda yerləşən və sosial-iqtisadi inkişaf səviyyəsi təqribən Azərbaycanla oxşar olan ölkələrdə, o cümlədən Rusiya, Qazaxıstan və s. kimi ölkələrdə də orta ömür uzunluğunun artımına mütənasib şəkildə artırılır və həmin ölkələrdə gələcək perspektivdə də yaş həddinin daha da artırılması hədəflənmişdir”.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, bəzi hökumət nümayəndələri pensiya yaşı ilə bağlı qeyri-peşəkar müzakirələr aparır:
"Azərbaycanda əsas problem pensiya yaşı deyil, təqaüd məbləğlərinin aşağı səviyyədə olmasıdır. Pensiya məbləğləri normal dərəcədə ödənildikdən sonra pensiya yaşının artırılıb-artırılmaması ilə əlaqəli müzakirə aparmaq olar. Ölkəmizdə dövlət büdcəsindən maliyyələşən sektorda işçilər təqaüdə çıxmaq istəmirlər. Onuda qeyd edək ki, bu sahədə 918 minə yaxın şəxs işləyir. Səbəbi isə maaşların daha yüksək, təqaüdlərin isə aşağı verilməsidir. Bu problemi həll etməkdənsə, pensiya yaşını gündəmə gətirmək doğru və məntiqli deyil. İnsanların təqaüd yaşının artırılması ilə bağlı məsələdən öncə təqaüdlərin artırılması, əhalinin dolanacaq səviyyədə təşkil olunması təmin edilməlidir".