"Bizim problemimiz odur ki, "dar düşüncələri" ciddi qəbul edirik"
“Dinimizdə siğə anlayışı müxtəlif cür başa düşülür. Siğəni müddətli dini nikahla səhv salırlar. Lakin bunun mənası başa düşüldüyü kimi deyil”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında tanınmış ilahiyyatçı Hacı Təyyar Hüseynli deyib.
O, siğənin necə və nə zaman bağlanmasından danışıb:
“Bir sıra hallarda siğə bağlamaq olar. Bunu bir növ anlaşma, müqavilə kimi də izah etmək mümkündür. Əgər kişi hər hansı bir xanımla eyni yerdə qalacaqsa, günaha batmamaq üçün siğə edə bilər. Yaxud deyək ki, qadına hər hansı bir məsələ üçün toxunmalı olan şəxs naməhrəm sayılmamaq üçün bu dini müqaviləni bağlamalıdır. Məsələn, qadın ölüm ayağındadır və onu məzara qoyacaq atası, qardaşı, həyat yoldaşı yoxdur. Bu vəzifəni başqa bir şəxs üstünə götürməlidir ki, naməhrəm sayılmasın. Bu kimi hallarda siğəyə müraciət edilir.
Siğə həm də tibbi müdaxilələr zamanı mütləq olmalıdır. Kişi həkim tərəfindən edilən estetik, ginekoloji müayinə və əməliyyatlar və digər başqa hallarda bunun olması dini cəhətdən zəruridir. Doğrudur, müasir dövrdə çox insan buna o qədər də ciddi yanaşmır. Ancaq dini nöqteyi-nəzərdən bu olduqca vacib haldır”.
İlahiyyatçı onu da qeyd etdi ki, hazırda bir çox plastik əməliyyatlardan sonra qadınların üzü bağlanmaqla çılpaq şəkilləri paylaşılır. Həmin bədən əzaları naməhrəm sayılır deyə bu da din baxımından doğru hesab edilmir.
Məsələyə münasibət bildirən ilahiyyatçı-alim Elşad Miri "Sherg.az"a açıqlamasında bildirib ki, siğə fahişəliyə, əxlaqsızlığa dini don geyindirməkdir:
"İnsanlar bu fikirləri necə düşünüb dilə gətirə bilirlər? Buna heç cür haqq qazandıra bilmirəm. İnsan gündə bir neçə həkimə gedəcəksə, siğəmi etdirəcək? Bu qadınların evli olub-olmadığını kim soruşacaq? Onlar hələ də inanırlar ki, qadınlar evli də olsalar, siğə etdirəcəklər. Bizim problemimiz odur ki, "dar düşüncələri" ciddi qəbul edirik. Cəmiyyət daha maraqlı məsələləri müzakirə aparmalı olduğu halda ənənəviləşmiş, cılızlaşmış fikirləri gündəmə gətirib, bu cür iddialarla ortaya atır. Bu fikiri deyən şəxs bir nümunə olaraq özündən başlasa, daha yaxşı olar. Söyləsin ki, "mən və mənimkilər belə edir". Bu zaman insanı düşünməyə vadar edən mühüm əhəmiyyətli məsələlər ola bilər".