"Bunu uşaqlardan, insan həyatından oğurlanmış vaxt kimi qiymətləndirirəm"
Bəziləri üçün sosial şəbəkənin gündəlik həyatın mühüm tərkib hissəsi, digərləri üçün isə vaxt itkisi anlamına gəlməsinə baxmayaraq, yenə də sosial şəbəkələrin istifadəçiləri hər gün artmaqdadır. Qəribəsi də budur ki, insanlar buna "zamanın tələbi" deyərək, özlərinə haqq qazandırırlar. "Faydalı məlumatlar əldə olunursa, sosial şəbəkələrdən istifadə təqdirəlayiqdir".
Bunu Sherg.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
Ekspert bildirib ki, əsasən də evdən çıxmaq imkanı məhdud olan insanlar üçün sosiallaşmaq baxımdan uğurludur:
"Amma şəxsi həyatı, ailə və övlada vaxtı məhdudlaşdırmaq cəhətdən zərərləri də var. Sosial şəbəkələr sosiallaşmaq baxımdan yaransa da real sosiallaşmanı minimuma endirdi. Ona görə də gənclər canlı ünsiyyətin tərafdarı olmalıdır. Köhnə nəsil az- çox sosiallaşmanın əvvəlki variantını xatırlayır, onun daha real və əlverişli olduğunu bilir. Təəssüflər olsun ki, günün çox hissəsini sosial şəbəkədən istifadə edən analar da var. Bu ciddi narahat doğuran problemlərdən biridir. Çünki uşağın təlim-tərbiyyəsi, baxımı ilə ana məşğul olur. Kənara xərclənən hər bir dəqiqə uşağın qayğılarından alınmış kimi assosiyasiya olunur. Əgər, ailəsindən, işindən boş vaxt qalırsa, sosial şəbəkədə vaxt keçirməyə pis yanaşmamalıyıq. Sosial platformalardan ifrat dərəsində çox istifadə edilməsinin əleyhinəyəm. Bunu insan həyatından oğurlanmış vaxt kimi qiymətləndirirəm".