Demoqrafik problem: Uşaq pulu bərpa olunmalıdır!

"Həm sosial problemlər, maddi təminat, həm də ümumilikdə həyat şərtlərinin çətinləşməsi və bu çətinliyə rəğmən dövlətin dəstək göstərməməsi yeni doğulan uşaqların sayının azalmasına böyük təsir göstərir”.                                                                            

Bunu "Sherg.az"a sosioloq Lalə Mehralı ölkədə  yeni doğulan uşaqların sayının kəskin azalmasından danışarkən deyib:                    

"Son illər demoqrafik artımla bağlı rəqəmlərə diqqət etdikdə görürük ki, pandemiya dövründə doğumların sayı çox  aşağı düşdü. Çünki insanlar maddi təminatsız qaldılar. İşi olan işini itirdi, gəliri olan gəlirdən məhrum oldu, nikahla bağlı problemlər yarandı. Nikaha düşənlər isə ailə tərkibini artırmaq istəmədilər, çünki gələcəkdən əmin  deyildilər. Yəni maddi problemlərin fonunda daha bir ailə üzvünün artması əlavə xərclər demək idi. Ailə başçısı işini itirib, maddi gəlir aşağı səviyyəyə  düşüb, təminat zəifləyib, dövlət də bu halda doğulacaq uşağa görə sadəcə bir dəfə minimum məbləğdə yardım edir. Ona görə də bu problemlər fonunda heç kim  ailə tərkibini artırmağı düşünmədi. Bu da artıma öz təsirinin  göstərdi. Pandemiyadan sonra da insanlar o qorxunu yenə bilmədi, təkrar eyni vəziyyət olarsa, yenə eyni çətinliklər yaşanarsa, çox uşaqla öhdəsindən gəlmək mümkün olmaz deyə ya 1 uşaqla kifayətləndilər, ya da ümumiyyətlə nəsil artırmadılar.Deyə bilərik ki, artıq demoqrafik problem yaranıb. Çünki ümumi doğumların sayının azalması, həm də oğlan-qız nisbətində balansın pozulması, selektiv  abor ümumilikdə hamısı  buna təsir göstərir”.

Ekspert qeyd edib ki, uşaq pulu mütləq qaydada  bərpa olunmalıdır:                                                                        
"Bu barədə dəfələrlə müzakirələr etmişik, amma təəssüflər olsun ki, bir nəticəsini görmürük. Biz demirik ki, bu, böyük məbləğlərdən başlanılsın. Ödəniş kiçik məbləğlə də başlaya və bu, müəyyən yaş aralığında fərqli rəqəmlərdə ola bilər. Məsələn 3 yaşına qədər uşaqların xərci çox olur. Körpəyə baxan ananın işdən çıxmağa məcbur olması, ailə gəlirlərinin azalması fonunda körpənin baxım xərcləri, bezlər, qidalanma və sairə haqda düşünüb dövlət öz dəstəyini verə bilər. Həmçinin, məktəb yaşına qədər başqa, məktəbi bitirən yaşa qədər başqa məbləğdə uşaqpulu təyin oluna bilər. Simvolik də olsa, ailələrə dəstək göstərmək lazımdır. Yəni, dövlət hər uşaq üçün 100-150 manat təyin edə bilər. Buna dövlətimizin gücü çatır. Dövlət öz ailələrinin arxasında olduğunu hiss etdirməlidir. Ailələr də bu dəstəyi hiss edib demoqrafik  artımda maraqlı olmalıdır”.