Uşaqlarda valideyn faktorunun əhəmiyyətsizliyi: Sosioloqdan AÇIQLAMA

Anasının bişirdiyi yeməyi yemək istəməyən uşaq "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə zəng edib. 
Report xəbər verir ki, bu barədə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş “Uşaq hüquqları tribunası” mövzusunda keçirilən konfransda məlumat verib.
Onun sözlərinə görə, "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə ağır zorakılıq halları ilə yanaşı, kiçik uşaqların da maraqlı müraciətləri olur:
"Hətta riyaziyyat məsələsinin həlli üçün xidmətdən kömək istəyən uşaq da olub. Eyni zamanda 4, 5 və 6 yaşlı uşaqlar belə müraciət edirlər. Deyirlər ki, anam hansısa yeməyi mənim üçün hazırlayıb, amma mən onu yemək istəmirəm və s. bu kimi maraqlı müraciətlər də olur". 
Məsələ ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehrəli bildirib ki, baxdıqları cizgi filmləri, oxuduqları müasir ədəbiyyat, etdikləri yoldaşlıqlar uşaqlara öz qərarlarını özlərinin verməli olduğunu, valideyn faktorunun əhəmiyyətsizliyini aşılayır:                                                                                  
 
“Təəssüf ki, əvvəl bu davranışları 13-15 yaş aralığında müşahidə edirdiksə, indi bunu 5-6 yaşlı uşaqlar da edir. Maraqlıdır ki,uşaq "Qaynar Xətt"-in nömrəsini hansı yolla əldə edib? Çünki bu xidmətin nömrəsi bir azyaşlı üçün asan və yaddaqalan deyil. Hansı hallarda bura zəng etmək lazımolduğunu  yəqin ki, hansısa təbliğat çarxından öyrənib. Təbliğat zamanı bu xidmətin funksiyasının nə olduğu barədə məlumat əldə edib. Əgər bir uşaq döyülmür, söyülmür, fiziki və mənəvi zorakılıq görmürsə, onun nə səbəbdən zəng etdiyi araşdırılmalıdır. Məncə, müraciət etməkdə əsəs səbəb yeməyi sevməməsi  deyil. Uşaqlar o yaşda hazır qidaya meylli olur, ev xörəklərini sevmirlər. Analar isə daha yaxşı qidalansın deyə haqlı olaraq "fast food"-a icazə vermirlər. Çox ehtimal ki, xidmətin əməkdaşları bu barədə artıq azyaşlı və ailəsi ilə söhbət aparıblar. Ümumiyyətlə, belə xidmətlər uşaqlarla ünsiyyət quranda valideyni ilə münasibətini müşahidə edir. Əksər hallarda uşaqların fantaziyası olur, lakin həqiqi zorakılıq halları da var.Bunu inkar etmək olmaz. Ona görə də zorakılıq olub-olmadığını öyrənmək üçün müyyən vaxt lazımdır. Bu hadisə isə xidmətin boşuna məşğul edilməsi deməkdir. Uşaqlarla maarifləndirici söhbətlər aparılmalıdır. Onlar bilməlidirlər ki, zorakılığa nələr daxildir".