Son vaxtlar sığınacağa müraciət edən insanların sayı artmaqdadır. Hətta vəziyyət o yerə çatıb ki, gender əsaslı zorakılıq qurbanları üçün olan sığınacaqlarda onların özlərinə belə yer tapmaq çətinləşib. Məsələn, 40-50 il öncə ailələrdə söz-söhbət olmurdu? Ər-arvad arasında mübahisə, valideyn övlad arasında küsülülük yaşanmırdı? Yoxsa o vaxtlar dolanışıq səviyyəsi hamıda yüksək səviyyədə olub?
Deməli, hər dövrdə bu gün müşahidə edilən problemlər olub, amma problemə, onun həllinə insanların yanaşması dəyişib.
Hadisə ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, əslində bizdə müzakirə qabiliyyəti çox aşağı səviyyədədir:
“Problemlərimizi,gündəlik həyatımızı bir-birimizlə müzakirə edərək həll etmirik. Ər və arvad işdən gəlir, hərənin əlində bir smartfon öz işi ilə məşğul olur. Günün necə keçdiyini, hansı çətinliklərlə üzləşdiyi barəsində sual vermir. Bu tək bir nəslin deyil, dövrün əsas problemlərindəndir. Müzakirə və dinləmək bacarığı olmayan yerdə problemlər daha da böyüyür. Ona görə də tərəflərdən biri digərindən hər hansı bir səbəbə görə inciyirsə, aralarında dava baş verirsə, bunu həll etmək yerinə evi tərk etməyi üstün tuturlar. Ona görə sığınacağa yerləşən şəxslərlə də psixoloji söhbət aparılarkən başa salmaq lazımdır ki, problemlərin həlli ətraflı müzakirə etməkdən keçir”.
Ekspert qeyd edib ki, sığınacaqda yerləşmək istəyən şəxslərdən əvvəlcədən problemin nədən ibarət olduğu haqqında sorğu-sual aparırlar:
“Səbəbini dedikdə həll yolu axtarmaqda kömək edirlər. Çıxış yolu tapdıqda görürsən ki, bu əslində böyüdülməsi əhəmiyyətsiz bir məsələ imiş. Tək sığınacaqlara üz tutmaq məsələsində deyil, boşanmalarda da bu vəziyyət hökm sürür. İnsanlar ən kiçik mövzunu böyüdür, boşanmaya səbəb göstərir. Halbuki, boşanmaya gedənə qədər çox sayda yollarla bu problemin həlli mümkündür".