İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcəklər. Həmin şəxslərin icbari tibbi sığorta haqlarını dövlət ödəyir.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
"Eyni zamanda, qanun layihəsinə əsasən, icbari tibbi sığortada müştərək maliyyələşmə məbləğinin tətbiqinin 2025-ci ilədək təxirə salınması təklif edilib. Qeyd edim ki, müştərək maliyyələşmə məbləği ambulator və stasionar tibbi yardım xidmətləri üzrə müraciət zamanı göndəriş prosesi pozulduğu hallarda tətbiq olunması nəzərdə tutulur.
Əlavə olaraq, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsinin daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi təklif olunub. 2024-cü il 1 yanvar tarixinə qədər olan möhlətin 2027-ci il 1 yanvar tarixinədək artırılması “Vergi Məsəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi”ndə nəzərdə tutulub. Sözügedən layihə hazırda Milli Məclisdə ikinci oxunuşdadır", - o vurğulayıb.
Məsələ ilə bağlı "Sherg.az"a danışan sığorta üzrə ekspert İlkin İbrahimov bildirib ki, İcbari Tibbi Sığorta 2021 ci il aprel ayının 1-dən bütün ölkə boyu tətbiq edilməyə başlandı:
“Bundan sonra da tibbi xidmətlərlə bağlı dövlət xəstəxanalarının maliyyə vəziyyətləri yaxşılaşdırıldı. Sığortaya ayırılan vəsaitlər, xidmətlər zərfi çərçivəsində məbləğlər müəyyən olundu. Pis və ya yaxşı olmasına baxmayaraq müsbət irəliləyişlər müşahidə olundu. Bu bölgələrdə daha çox nəzərə çarpır. Hansı ki, vətəndaşların icbari tibbi sığorta əlçatımlılığı ilə bağlı 2024 cü ilin yanvar ayınnın 1 -nə kimi bütün şəxslər dövlət büdcəsi hesabına bu xidmətlərdən yararlanması nəzərdə tutuldu. Bu tarixdən etibarən isə işsiz, dövlət büdcəsindən maliyyələşən şəxslərin azad olma müddətləri bitir. Bununla bağlı qanunvericilikdə hər hansısa güzəşt müddəti müəyyən olunub. Eyni zamanda müştərək maliyyələşmə ilə əlaqəli də daha növbəti tarixlərə təxirə salınması nəzərdə tutulur”.
Ekspert qeyd edib ki, müştərək maliyyələşmə ilə bağlı qərar vətandaşların ziyanına olacaq:
“Məsələn, dövlət tibb müəsisələrində daha çox növbəlilik olur. Keyfiyyəti də müqayisələndirmək olar. Hansı ki, vətandaşlar TƏBİB-lə özəl tibb müəsisələri arasında olan müqavilələrə əsasən bəzi məqamlarda ora getmək hüququ əldə edir. Bu da indiki şəraitdə müəyyən problemlər yaradır. Çox ehtimal, buna hazır olunmadığına görə təklif olunur ki, bu qərar 2025-ci ildən tətbiq olunsun. Əlavə olaraq 3 illik ədv-nin azad olunması məsələsinə gəldikdə isə onsuz da icbari tibbi sığorta fondu əsasən maliyyə mənbəyi dövlət büdcəsi hesabınadır. Ona görə də bu qərarın qəbul edilməsi məntiqə uyğundur”.