Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilib.
Trend xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sözügedən dəyişikliyə əsasən, əmək pensiyasının qanunda müəyyən olunmuş minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) əmək pensiyasının tərkibinə daxil edilməsi ilə bağlı hesablamaların eyni vaxtda aparılması zərurəti yaranarsa, həmin hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
- əmək pensiyası minimum məbləğə çatdırılır;
- maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) bir aya düşən hissəsi əmək pensiyasının tərkibinə daxil edilir; - əmək pensiyası indeksləşdirilir.
Aparılan dəyişikliklə bağlı "Sherg.az"a açıqlama verən iqtisadçı Fuad İbrahimov bildirib ki, Bu qərar pensiya alanların xeyrinə istiqamətlənib:
"Hər bir halda aparılan indeksasiya və yaxud hansısa bir hədəfə çatdırılması həcmin artmasına xidmət edən bir qərardır. İndiki dövrdə hökümət bu istiqamətə yönəlmiş siyasət yürüdür ki, istehlak səbətlərimiz real rəqəmlərə cavabdehdir. Buna görə də bu qərarı uğurlu hesab etmək olar".