Bütün dünyada “black friday”, yəni “qara cümə” adı altında mağazalarda məhsullara xüsusi endirimlər təşkil edilir. Son illər bu ənənə ölkəmizdə də formalaşmağa başlayıb.Paytaxtın bəzi mağazaları həmin gün endirimlər edərək, müştəriləri cəlb etməyə çalışırlar. Lakin bir çoxları bu endirimlərin həqiqi olmadığını, ya da az olduğunu deyirlər.
Məsələ ilə bağlı "Sherg.az" açıqlamasında marketoloq Nicat Manafov bildirib ki, Bu endirimlərdə heç vaxt çox təlabatlı məhsullar aşağı qiymətə satılmır:
"Black friday"-in təşkil edilməsinin məqsədi ondan ibarətdir ki, keçən sezondan qalmış məhsullar stoklardan çxardılsın, yeni sezonda gələcək məhsullara anbarlarda yer açılsın. Çox təəssüflər olsun ki, ölkəmizdə bu trendə qoşulmaq istəyən sahibkarlar endirim edə bilməsələr də qiyməti artıraraq istehlakçılara əvvəlki qiymətə qaytarıb yenidən endirim adı ilə təqdim edirlər. Bu vəziyyət geniş yayılıb. Hətta, marketlərdə belə bu halla qarşılaşırıq. Əsas səbəb isə Azərbaycanda qiymət dəyişikliyi mexanizmini gözləyən hər hansı bir qurum və alətin olmamasıdır. Dünya üzrə inkişaf etmiş ölkələrdə hansısa bir sahibkar bu qaydanı pozsa, cərimə olunur. Ölkəmizdə məhsulun əvvəlki qiyməti bilinmədiyi üçün qiyməti yüksəldib, endirə bilirlər. Ümid edirəm ki, bu sistem bizim ölkədə də tətbiq olunar və istehlakçılarımız aldanmaz. Bu kimi vəziyyətlərlə qarşılaşmamaq üçün istehlakçılar məhsulun internetdəki qiymətinə baxsınlar. İnternet üzərində qiymət qarşılaşdırma saytları da mövcuddur. Bu sayt ölkəmiz üçün keçərli olmasa da beynəlxalq platformalarda Amerika,Türkiyədə var. Biz bu sistem vasitəsi ilə mağaza məhsulu hansı qiymətə və hansı tarixdə satıldığını görmək olar".