Prokurorluq Gəncədə qardaşın bacısını qətlə yetirməsi barədə məlumat yayıb.
Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, noyabrın 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdizadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdizadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdizadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Hadisə ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, İnsan dediyimiz varlıq qarışqanı belə əzməkdən, hər hansı bir canlıya zərər verməkdən çəkinməlidir:
"Birinin canına qəsd edən və ən əsası da ailə üzvündən birini öldürəni insan hesab etmək olmaz. Bir şəxs hansı səviyyədə bir cahil olmalıdır ki, sosyal şəbəkəyə girdiyinə görə öz qanından,canından olan birini öldürsün. Əslində bu həddə çatana kimi müxtəlif xüsusiyyətləri onu ələ verir. Sadəcə olaraq ətrafdakılar buna diqqət etmirlər. "Ailə həyatı qurduğum qadın sosyal şəbəkəyə girə, harasa gedə bilməz". Cəmiyyətdə bu cür xarakterdə olan gənclər kifayət qədər çoxdur. Ona görə də belə düşüncəli adamlar gələcəydə potensial cinayyətkar ruha sahibdir. Birinin azadlığını,düşüncəsini qısıtlayırsansa, bu o deməkdir ki, onun yerinə düşünməyə, qərar verməyə cəhd edirsən. Bu da normal insanın edəcəyi hərəkət deyil. Bu istiqamətdə məsələ araşdırılmalıdır. Gənclər niyə bu qədər qəddarlaşıb? Artıq bu qəddarlıq həddini aşıb. Biz öz ailə üzvün amansızlıqla qətl edən şəxslər görmüşük. Mətbuatda da bu haqqda materiallar dərc olunur. Hesab edirəm ki, belə insanlar üçün sosyal şəbəkə bir bəhanədir".