Havanın çirklilik səviyyəsinin təhlükəli həddə olması və əyalətin Fövqəladə Hallar Komitəsinin xəbərdarlığı səbəbindən dekabrın 4-də Təbriz, Üskü, Səhənd şəhərləri və ətraf kəndlərinin bütün məktəbləri bağlanıb.
Bu barədə Şərqi Azərbaycanın Təhsil İdarəsi məlumat yayıb. Bununla yanaşı, həssas yaş qrupundan olan insanların - qocaların, uşaqların və xəstələrin evdə qalmaları tövsiyə olunub.
Son günlər paytaxt və ətraf rayonlarda qeyri sabit hava şəraiti müşahidə olunur. Azərbaycan da bu təhlükə ilə üzləşə bilərmi?
Məsələyə münasibət bildirən ekoloq Rövşən Abbasov "Sherg.az"a bildirib ki, Bakı şəhərinin dəniz kənarında yerləşməsi onun müsbət tərəfidir:
"Çünki cənub küləkləri şəhərin havasını təmizləyir. Ona görə də hava keyfiyyət indeksi İran,Banqladeş , Hindistana nisbətən daima yüksəkdir. Hətta, ölkəmizdə havanın keyfiyyətini müşahidə etmək üçün 2 staionar məntəqə mövcuddur. Stasionar məntəqələrdən biri ABŞ-ın Bakıdakı səfirliyinin həyətində yerləşir. Sayta daxil olaraq asanlıqla havanı izləmək mümkündür. Paytaxtda havanın şəraiti ideal səviyyədə olmasa da 5 ballıq şkalayla yoxlasaq, 4 balla qiymətləndirmək olar. Xüsusi ilə yağışdan sonra havanın keyfiyyəti daha da yaxşılaşır.
Əsas problem havadakı tozla bağlıdır. Ona görə ki, PM10 tozlarının miqdarı normadan bir qədər yuxarı olur. Bu da havanın keyfiyyətini pozur və ağciyərlərdə problem yaradır ”.
Ekoloq əlavə edib ki, hansısa təhlükə gözlənilmir:
"Tropiklərdən, Türkmənistandan Azərbaycana külli miqdarda toz gəlir. Bu isə çox nadir görülən bir prossesdir. İl ərzində təxminən 1-2 dəfə belə hallarla üzləşirik".