Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 2-3 dekabr tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında iki ədəd avtomat, üç ədəd qumbara, bir qumbara alışdırıcısı, bir patron darağı, 24 ədəd müxtəlif çaplı patron və 14 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə iki tüfəng aşkar edilərək götürülüb.
Mövzu ilə əlaqədar "Sherg.az"a danışan təhlükəsizlik eksperti Rəşad Rza bildirib ki, ölkədə bu qədər silahın yaranması təbii hadisədir:
"Çünki ölkəmizdə Birinci və İkinci Qarabağ savaşı gedib. Belə ölkələrdə həmişə gizlin və aşkar şəkildə silah-sursat çox olur. Digər tərəfdən terror yolu ilə ölkəyə gətirilən silahlar da var. Amma son zamanlar kütləvi sürətdə DİN tərəfindən silahların aşkarlanması həyata keçirilir. Həmçinin, əhalidə olan silahların təhvil verilməsi də sevindirici haldır. Bununla xalqımızın dövlətə olan güvəni daha da artır. Eyni zamanda vətəndaşlarımızın könüllü şəkildə silahları toplanması yaxşı haldır".