Keyfiyyətli yuxu insan sağlamlığı üçün vacibdir. Yuxusuzluq insanın sosial və iş həyatında müxtəlif problemlərə yol aça bilər. Həmçinin yuxu problemi olan insanlar zehni və fiziki cəhətdən özlərini pis hiss edirlər. Ancaq bəzi insanlar uzun yuxulardan şikayyətlənirlər. Bildirirlər ki, bu zaman beyin dincəlmir və ertəsi gün yorğun olaraq oyanırlar. Bəs, buna səbəb nədir? Problemi necə aradan qaldırmaq mümkündür?
Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a bildirib ki, bir gündə təxminən 7-8 yuxu görmək mümkündür :
“Sadəcə bunların hamısı yadda qalmır. Oyanan kimi yuxunun 50 , 10 dəqiqə sonra isə 90 faizi unudulur. Hər bir fərd yuxu görür. Yalnız psixi problemli insanlar yuxu görməyə bilər. Bu da dərmanların sayəsində mümkün olur. Kimsə deyirsə ki, bu gün yuxu görməmişəm, bu yanlışdır. Sadəcə olaraq unudulub deyə, bu cür zənn edirlər. Fakt alimlər tərəfindən də təsdiq olunub. Yuxu bir neçə fazadan ibarətdir. Həmçinin fazaya uyğun dərinlik var ki, bu zaman yuxu iflici olmaq mümkündür. Bu isə bədən təhlükəsizliyini qorumaq üçün baş verir. Ən çox insanın yaddaşında kabuslar qalır. Yuxu gün boyu yaşadığımız hadisələrin xəyalla gerçəkliyin şüuraltı sintezidir. İnsanlar heç vaxt tanımadıqları birini yuxuda görmürlər. Elə hadisələr var ki, adamlarda dejavü yaşadır. Məsələn, yuxuda görmüş olsan da beyin unudub, ancaq hər hansı məkana gedəndə onu xatırlayırsan. Bir sözlə, yuxu görmək sinirsəl problem deyil, aktiv gün keçirmək yuxuya öz təsirini göstərir".