Fevralın 1-dən etibarən qışın sərt dövrü – Kiçik çillə başlayıb. Lakin hazırda Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 10 dərəcə yüksəkdir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Fevral ayı olmasına baxmayaraq son günlər paytaxtda və ətraf rayonlarda istilər müşahidə olunur.
Sual yaranır. Bu prosses nə ilə əlaqəlidir? 2024- cü ilin yaz və yay fəslində dəhşət istilərlə qarşılaşa bilərik?
Məsələyə münasibət bildirən ekoloq, seysmoloq Ənvər Əliyev "Sherg.az" a bildirib ki, son vaxtlar havaların bu cür keçməsi anormal haldır:
"Əvvəllər yaşlılar deyirdilər ki, bu il kiçik çillə hiss olunmadı. Deyilənə görə, 100 il bundan öncə də belə istilər olub. Azərbaycan ərazisinə 4 istiqamətdən 8 -9 növ hava daxil olur. Məsələn, şimaldan soyuq, cənubdan isti, qərbdən yağıntılı və şərqdən quru hava kütlələri. Bu da cənub və cənub-şərq istiqamətindən Ərəbistan yarımadası və Afrikadan gələn hava axınlarıdır ki, Azərbaycan ərazisinə çoxlu miqdarda istilik gətirir. Eləcə də, fəsildən asılı olmayaraq, diskomfort yaradır. Çünki havanın temperaturu qalxdıqca, oksigenin həll olunması azalır. Son vaxtlar yarımsəhra və quru çöl iqlimi müşahidə edilir. Bundan ən çox fəsad görən isə ağaclar olacaq. Bir həftə də belə keçsə, ağaclar tumurcuqlanmaya başlayacaq. Ola bilər ki, martda soyuqlar başlasın. Bu zaman bitkiləri şaxta qurudacaq və məhsuldarlıq azalacaq. Ona görə də ağacları mütəmadi sulamaq lazımdır. Yazda, yayda havaların necə olacağına dair əvvəlcədən proqnoz vermək isə çətindir".