Əməkdar artist Rafael İsgəndərovun metrodan paylaşımı müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, 21 il sonra metroya mindiyini bildirən aktyor tənqid edilib. İzləyicilərin bəzisi onu ictimai nəqliyyatdan istifadə edənləri təhqir etməkdə günahlandırıb. R.İsgəndərov isə yazılanlara "Ay camaat, hamıya təşəkkür edirəm. Amma təki yazmaq xətrinə nə gəldi yazmayın. Öz sevincimi bildirdim ki, metroya minmişəm. Nə metro ilə gedənləri pislədim, nə də metronu. Allah xalqımızı, vətənimizi qorusun" cavabını verib. Digər diqqətçəkən məqam isə metroda çəkiliş aparılması olub. Belə ki, sözügedən məkanda foto və video çəkilişi qadağandır. Bununla bağlı xəbərdarlıq lövhələri stansiyalarda divarlara vurulub. Hətta sosial şəbəkə istifadəçiləri metroda çəkiliş edən zaman polislərin onlara yaxınlaşmasını, irad bildirməsini də xatırladıblar. Aktyor bununla bağlı suallara "Hələ səs çıxmayıb" cavabını verib. O, daha sonra "Sağ olsunlar, hələ yaxınlaşıb şəkil də çəkdirdilər" sözlərini əlavə edib. Qeyd edək ki, çəkilişin qadağan olunması Nazirlər Kabinetinin qərarı ilə Bakı Metropolitenindən istifadə qaydalarında mövcuddur. Qaydaya əsasən Bakı metropoliteninin rəhbərliyinin icazəsi olmadan metroda foto, video və kino çəkilişləri aparmaq olmaz.
Məsələyə münasibət bildirən Bakı Metropoliteni QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Sherg.az"a bildirib ki, metroda çəkilişin qadağan olunması onun strateji əhəmiyyətindən irəli gəlir:
"Dövr dəyişir, texnologiya inkişaf edir. Əldə etdiyimiz smartfonlar, kameralar foto və videoları yüksək keyfiyyətlə çəkir. Hətta, bundan müasir mediada da istifadə olunur. Günümüzdə Bakı Metropolitenində çəkilişin qadağan edilməsi metrodan istifadə qaydaları ilə əlaqədardır. Uzun illərdir ki, bu araşdırılaraq təcrübədən doğan bir məsələyə çevrilib. Bu sərnişinlərin təhlükəsizliyini təmin edən bir sənəddir və həmin dövr üçün zəruri olub. Ancaq müasir dövrdə həmin qərara yenidən baxılmasına ehtiyac var. Hələlik bu qadağa qüvvədədir. Metroda foto və video çəkilişlər üçün metropoltenin rəhbərliyindən icazə alınmalıdır. Son vaxtlar Bakı metrosunda müxtəlif verlişlər, filmlər, kliplər təşkil olunur. Bu səbəbdən metropoliten qanunun yumşaldılması üçün bəzi addımlar atır. Sosial layihələrin tərkib hissəsi kimi birgə işlər görülür. Yaxın vaxtlarda sərnişinlərin fikirləri də nəzərə alınaraq bu barədə tədbir görüləcək. Dünyada çəkilişlə bağlı icazə formaları mövcuddur. Xüsusən də postsovet ölkələrdə müxtəlif variantlar var. Çəkilişlərə icazə verilərkən isə sərnişinlərin təhlükəsizliyini, qatarların hərəkəti nəzərə alınır".