Gözəl alim, işgüzar təşkilatçı, qayğıkeş rəhbər 

Arxiv işinin mahir bilicisi Əsgər Rəsulovun 70 yaşı tamam olur

  Tarix müxtəlif dövr və zamanların bir-birini əvəzləməsi deyil, həm də  onu yaradan şəxsiyyətlərin portretlərinin qalereyasıdır. Tarixi yaddaşımızın keşiyində duran böyük ziyalı, dəyərli insan, təcrübəli pedaqoq, tanınmış türkoloq və işgüzar təşkilatçı Əsgər Rəsulov müasir Azərbaycanda arxiv işinin elmi əsaslarla inkişafına öz töhfələrini verən şəxsiyyətlərdəndir. Əsgər müəllim haqqında ölkəmizin nüfuzlu ziyalılarının, alimlərinin, yazıçılarının, digər peşə və sənət adamlarının fikir və mülahizələrində onun parlaq portreti daha  dolğun və əhatəli şəkildə ifadə edilir. 

Əsgər müəllim haqqında yazılanlar onun elmi bacarığına, pedaqoji fəaliyyətinə, işgüzarlığına və şəxsiyyətinə verilən dəyərin göstəricisidir. Əsgər müəllimin şəxsiyyətinə, elminə, təşkilatçılığına, əqidəsinə  ən yüksək dəyəri isə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev vermiş, ona böyük etimad göstərərək dövlətçilik tariximizin və mədəni irsimizin göz bəbəyi kimi qorunduğu mühüm dövlət orqanı olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə rəhbər təyin edib. Arxiv xalqın hafizəsinin qorunduğu strateji sahədir. Dövlətin, xalqın keçmişi ilə gələcəyi arasında körpü qurmaq kimi mühüm missiyanı məhz arxivlər həyata keçirirlər. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyev dövlət idarəetməsində arxiv işinin  roluna  yüksək qiymət verib,  arxiv sənədlərinin xalqımızın tarixini əks etdirən yeganə mənbə və tariximizi təhrif edənlərin qarşısının alınmasında mühüm vasitə olduğunu vurğulayıb. Ulu Öndərin bu müdrik fikirlərində arxivlərin dövlət və millət üçün nə qədər faydalı sahə olduğunu, onun elmi-tarixi əhəmiyyətini müəyyən etmək mümkündür. 

  Elm təsdiq edir ki, insanın şəxsiyyət kimi formalaşmasında zamanın,  mühitin,  tərbiyənin və təhsilin danılmaz rolu vardır. Əsgər Rəsulov 1954-cü ildə Naxçıvan şəhərində anadan olub, orada orta məktəbi bitirib. Bir il fəhlə işləyib. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə daxil olub və 1976-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Onun yüksək bilik və intellektə malik gənc olması müvafiq qurumların diqqətini cəlb edib və o, SSRİ Xarici İqtisadi Əlaqələr Komitəsi xətti ilə tərcüməçi kimi qardaş Türkiyə Respublikasına uzunmüddətli xarici ezamiyyətə (1976-1979) göndərilib.
Əsgər müəllim 1980-2012-ci illərdə məzunu olduğu təhsil ocağında baş laborant (1980), müəllim (1981), baş müəllim (1985), dosent (1987) və professor  (2007) kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olub, 1983-cü ildə filologiya üzrə elmlər namizədi, 2005-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib.



 
  2012-ci ildən etibarən Əsgər müəllim dövlət işinə irəli çəkilərək Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Milli Arxiv İdarəsinin rəis müavini, 2018-ci ildə isə İdarənin rəisi vəzifəsinə təyin olunub, 2024-cü ilin 16 fevralında Nazirlər Kabinetinin yeni tərkibində Milli Arxiv İdarəsinin rəisi vəzifəsinə yenidən təsdiq edilib. Beləliklə, Əsgər müəllim böyük şərqşünas alim, türkoloq-ədəbiyyatşünas, pedaqoq olmaqla yanaşı, həm də son on ildən artıq bir dövrdə mədəni irsimizin və yazılı yaddaşımızın saxlanc yeri olan Azərbaycan dövlət arxivlərinə, onun çoxsaylı kollektivinə rəhbərlik edir. O, arxiv işinin inkişafına, cəmiyyətdə lazımi səviyyədə tanıdılmasına, mədəniyyət sərvətlərimizin etibarlı mühafizəsi və istifadəsi işinə öz fədakar əməyi ilə böyük töhfələr verir. Onun rəhbərliyi ilə Azərbaycan arxivi dinamik inkişaf edir, daha da zənginləşir, xalqın maariflənməsində, vətənpərvərlik ruhunun yüksəldilməsində, elmimizin inkişafında, dövlətçiliyimizin möhkəmləndirilməsində fəal iştirak edir.

  Əsgər müəllimin rəhbərliyə başladığı ilk dövrlərdən mədəniyyət sərvətlərinin toplanılması, mühafizəsi, onlardan səmərəli istifadə olunması, habelə arxivlərin yeni dövrün çağırışlarına uyğun  modernləşdirilməsi, arxivçi əməyinin nüfuzunun artırılması istiqamətində gördüyü işlər, hazırladığı layihələr bu gün real nəticələr verməkdədir.  Rəhbərlik etdiyi kollektivin yaşlısından cavanına kimi hər bir üzvünün qəlbini duyan, onun bilik və bacarığına yüksək dəyər verən Əsgər müəllim ölkəmizdə arxiv işinin məzmununun beynəlxalq təcrübəyə uyğun yenidən qurulmasına başlayıb. Qısa müddətdə dövlət arxivlərimizdə mühafizə olunan arxiv fondlarının məzmunu və tərkibi barədə məlumatların onlayn əldə edilməsi üçün elektron platformanın yaradılmasına nail olub. Onun  təşəbbüsü ilə arxivçi kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların yerli və beynəlxalq səviyyəli təlimlərə cəlb  edilməklə ixtisaslarının artırılması istiqamətində səmərəli nəticələr əldə olunub. Təcrübəli pedaqoq-alim və həssas rəhbər kimi insanların daxili aləmini duyan, onun potensialını obyektiv qiymətləndirməyə üstünlük verən Əsgər müəllim bu gün dövlət arxivlərimizdə işgüzar bir mütəxəssis korpusunu formalaşdırıb.

  Dövlətimizə və dövlətçiliyimizə sadiq Əsgər müəllim rəhbərlik etdiyi qurumun bütün imkan və gücünü səfərbər edərək  Azərbaycan arxivinin gələcək inkişaf arxitekturasını hazırlayıb. Onun rəhbərliyi ilə hazırlanmış “Azərbaycanda arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” ölkə başçımız cənab İlham Əliyevin  2020-ci il 12 fevral tarixli 1815 nömrəli Sərəncamı ilə təsdiqlənib.  Dövlət Proqramı Azərbaycan dövlət arxivlərinin inkişaf strategiyasını, gələcək yol xəritəsini müəyyən etdi. Proqramda ölkəmizdə arxiv işi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi,  dövlət arxivlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr və strukturun təkmilləşdirilməsi, yeni texnoloji nailiyyətlərdən  istifadə etməklə Milli arxiv fondu sənədlərinin mühafizəsi və səmərəli istifadəsi işinin təşkili, arxiv işi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi kimi istiqamətlər  əsas götürülüb. Əsgər müəllimin bilavasitə rəhbərliyi və yüksək təşkilatçılığı ilə mədəni irsimizin tərkib hissəsi olan arxiv sənədlərinin mühafizəsi, toplanılması və istifadəsi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi sahəsində mühüm işlər həyata keçirildi. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklərin edilməsi haqqında, habelə  digər əlaqəli qanunlarda edilən dəyişikliklər elmi-tarixi əhəmiyyətə malik  arxiv fondu sənədlərinin mühafizəsi, istifadəsi, elektron nüsxələrinin yaradılması, hüquqi və fiziki şəxslərə göstərilən dövlət arxiv xidmətlərinin keyfiyyət indeksinin yüksəldilməsinə, xidmətin rasionallığına, şəffaflığa və vətəndaş məmnunluğunun təmin edilməsinə hüquqi əsas yaratdı.

 
 Rəhbərlik etdiyi kollektivdə çalışan hər bir işçinin qayğıları ilə maraqlanan, onlara qarşı həssaslığı, səmimiliyi, diqqətcilliyi və qayğıkeşliyi ilə seçilən Əsgər müəllim əməkdaşların sosial rifahını düşünür. Müasir idarəetmə əsaslarına uyğun olaraq işçilərin əməyinin stimullaşdırılması, uğurlu nəticələrə  motivasiyasi məqsədilə yeni həlli yolları arayır və bunun üçün mükəmməl normativ hüquqi baza formalaşdırılmasını təmin etmək üçün səy göstərir. 

 
 Türkiyə Respublikasında diplomatik orqanlarda çalışarkən əldə etmiş olduğu  böyük təcrübə Əsgər müəllimin rəhbərlik etdiyi qurumun  beynəlxalq əlaqələrinin inkişaf etdirilməsinə imkan verir. Son bir neçə ildə  Milli Arxiv İdarəsinin əməkdaşlıq etdiyi ölkələrin sayı daha  da artıb. Milli Arxiv İdarəsi ilə Finlandiya, Macarıstan, Özbəkistan  və digər ölkələrin arxiv təşkilatları arasında əməkdaşlıq sazişləri imzalanıb, həmin ölkələrlə ikitərəfli əməkdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyub. Əsgər müəllimin  təşəbbüsu ilə Turkiyə, Özbəkistan, Qazaxıstan və Rusiya Federasiyası dövlət  arxivlərindən xalqımızın tarixi ilə bağlı minlərlə sənəd ölkəmizə gətirilərək dövlət qeydiyyatına alınması təmin edilib. 
  O, dövlət arxivlərinin texniki infrastrukturunun möhkəmləndirilməsi, sənədlərin saxlanması və işçilərin iş şəraitinin yaxşılaşdırılmasi istiqamətlərini daimi diqqətdə saxlayır və bu sahədə  yeni uğurlu nəticələr əldə edir. Arxiv binalarının əsaslı təmiri, avadanlıqların yenilənməsi, mühafizəxanaların həcminin və sənəd tutumunun genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər görülür. Onun təşkilatçılığı ilə dövlət arxivlərimizə on minlərlə yeni sənəd qəbul edilərək Milli arxiv fondunun məzmun və tərkib etibarilə daha da zənginləşməsi təmin olunub.

  Əsgər müəllimi  rəhbər olaraq fərqləndirən əsas cəhətlərdən biri də onun  arxiv sənədlərindən istifadə işinə xüsusi həssaslıqla yanaşmasıdır.  O,  yüksək mənəvi və insani keyfiyyətləri ilə daim milli irsimizin öyrənilməsi təbliğini özünün  həyat qayəsinə çevirmiş şəxs kimi, arxiv sahəsində də bu şərəfli missiyanı davam etdirir. Əsgər müəllim elmi-pedaqoji fəaliyyəti ilə bağlı çoxsaylı sanballı əsərlərin müəllifidir. O, Azərbaycan və rus dillərində yazdığı  “Türk dili” dərsliyi və dərs vəsaitinin, “Türk sənədli-bədii nəsri”, “Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili", “Tərcümə nəzəriyyəsi və təcrübəsi”, “Türkcə -azərbaycanca yalançı ekvivalentlər lüğəti”,  “Türkcə-rusca-azərbaycanca dilçilik terminləri lüğəti” kimi monoqrafiya, kitabların, 15 fənn proqramının, ölkəmizdə və xaricdə nəşr edilən 200-dən artıq elmi, ədəbi-tənqidi və publisistik məqalənin müəllifidir.

  Arxiv sahəsi onun elmi yaradıcılığında yeni bir istiqamət təşkil edir. Əsgər müəllimin  müəlliflərindən biri olduğu “Azərbaycan Respublikasında arxiv işi”, “İzahlı arxiv terminləri lüğəti” kitabları  ölkəmizdə arxiv quruculuğu tarixinin, arxiv işinin təşkili və inkişafı, arxiv sahəsində istifadə edilən terminlər və anlayışlar barədə bilik əldə etmək istəyənlər üçün dəyərli mənbə oldu. Onun bilavasitə rəhbərliyi və məsul redaktorluğu ilə arxiv sənədləri əsasında hazırlanan çoxsaylı elmi məlumat kitabları (“Tarixi yaddaşımızın saxlanc yeri” (2016), ”Azərbaycan Xalq Cümhuriyyəti qurucuları” (2018), “Hippokrat andı içənlərin arxiv sənədləri” (2020), “XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı şəhərində mədəniyyətin inkişaf tarixindən səhifələr” (2022), “Milli geyimlərimiz arxiv yaddaşında” (2022), “Heydər Əliyev: 100 il 100 fotosənəddə”(2022) və s.) arxiv materiallarında əks olunan ictimai-siyasi və mədəni əhəmiyyət kəsb edən məlumatların təbligi baxımından xüsusi əhəmiyyət daşıyır. Əsgər müəllim ədəbiyyat, mədəniyyət, teatr, kino, musiqi xadimlərinin, neftçi, kimyaçı, bioloq alimlərinin şəxsi mənşəli sənədləri haqqında silsilə göstəricilərin, foto-fotosənəd  toplularının ön sözlərinin müəllifi, elmi redaktoru və rəhbəri olub. Arxiv materialları əsasında gerçək tariximizi və tarixi şəxsiyyətlərimizi, milli mədəniyyətimizi və adət-ənənələrimizi özündə əks etdirən, geniş auditoriyaya çatdırılmasını hədəf seçən bu sanballı elmi nəşrlər  yetişməkdə olan gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyələnməsinə və maariflənməsinə xidmət edir.

  Əsgər müəllimin dövri mətbuatda Azərbaycan arxivlərinin fəaliyyəti, inkişaf perspektivləri ilə bağlı çoxsaylı məqalələri çap olunub. Onun həmmüəllifi olduğu “Heydər Əliyev və Azərbaycan arxivi” adlı elmi məqaləsində Azərbaycan arxivinin inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu, onun arxiv işinə, arxivçilərin əməyinə  verdiyi yüksək qiymət haqqında danışılır,  milli tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin mahir bilicisi olaraq Heydər Əliyevin bizlərə miras qoyduğu  irsin daimi öyrənilməsinin vacibliyi bir daha vurğulanır. 

  Yekun olaraq qeyd edək ki, Əsgər müəllimi ziyalı və rəhbər kimi fərqləndirən bir xüsusiyyəti də, işçilərin sevincli və kədərli günlərində onların yanında olması, qayğıları ilə maraqlanması və lazımi köməklik göstərməsidir. Bu onun həssaslıq, qayğıkeşlik kimi yüksək insani keyfiyyətlərindən qaynaqlanır və Əsgər müəllimin xeyirxah, səmimi, dəyişməz xarakterə malik böyük ziyalı olduğunu bir daha təsdiq edir. 
Biz 70 yaşına qədəm qoyan Əsgər müəllimə  Azərbaycan arxivçiləri adından xalqımız, dövlətimiz və arxiv işimiz naminə möhkəm cansağlığı, uzun ömür və uğurlar arzulayırıq.

Həsən Həsənov,
Azərbaycan Respublikası 
Milli Arxiv İdarəsinin rəis müavini