Psixoloq-konsultant: Telefon vermək uşağın ən birinci nitqini geri salır

"Məsləhətimiz budur ki, 4-5 yaşına kimi uşaqlara ümumiyyətlə telefon və planşet verilməsin"

Bu gün uşaqlar mobil telefondan asılı vəziyyətə düşüb. 6 aylığından etibarən yemək yedizdirilən uşağın başını qatmaq üçün ona telefon verilir. Beləcə, uşaq daha sonra oyun oynamaq, vaxt keçirmək, ətraf mühitdə yox, mobil dünyada yaşamaq vərdişinə yiyələnir. Bunun fəsadları indi çox görünməsə də, gələcəkdə bilinəcək. Amerika alimlərinin fikrinə görə, uşaqların mobil telefondan istifadəsi uşağın yaşına görə dəyişir. 

Mobil telefon günümüzdə uşağın güvənliliyi üçün çox vacibdir. Bunun üçün uşaqlar ondan istifadə etməsinlər deyə bilmərik. Vacib olan uşağın telefonu necə  istifadə etməsidir. Tədqiqatlar göstərir ki, uşaqlar elektron əşyalardan istifadə etdikdə onlarda ünsiyyət problemi yaranır. Cəmiyyətə adaptasiya çətinləşir və dərslərində durğunluq yaranır. Mobil telefondan da ən çox ziyan vuran ağıllı telefonlardır ki, onlar uşaqları kütləşməyə aparır. Hər şeyə tez avtomatik nail olmaq istəyirlər.

Psixoloq-konsultant Zeynəb Əyyubova  “Sherg.az”a  bildirib ki, bəzi valideynlər işlərini və həyatlarını rahat etmək üçün uşaqlara telefon, planşet və kompyuter verirlər:
“Erkən yaşda uşağa telefon vermək uşağın ən birinci nitqini geri salır və uşaqda nitq inkişaf ləngiməsi yaradır. Azyaşlı uşaqların bəzən valideynləri fəxr ilə deyir ki, mənim uşağım hansısa bir sosial şəbəkəyə girir və oradan cizgi film tapır. Bunu uşağın tez inkişafı kimi görürlər. Əslində bu  tez inkişaf deyil. Uşaqların gözlərinin problemli, zehninin, nitqinin, İQ -nün, diqqət əksikliyinin yaranmasına səbəb bu cür telefon, planşet və ya komputerlərə baxmaqdan irəli gəlir. Uşaqlarda əgər zəifliliyə meyillilik telefona və planşetə baxmaq dahada zəiflədəcək. Məsləhətimiz budur ki, 4-5 yaşına kimi uşaqlara ümumiyyətlə telefon və planşet verilməsin. 4-5 yaşdan sonra isə gündə yarım saat verilə bilər”.