Çox isti havada insan orqanizmi ağır yükləmələrə məruz qalır, bir çox xəstəliklərin inkişafı və ya kəskinləşməsi riski artır.
Həkimlərin fikirinə görə, istənilən xroniki xəstəliklər isti havanın təsirindən kəskinləşə bilər. Bu səbəbdən belə xəstəlikləri olan insanlar öz sağlamlığına qarşı daha diqqətli olmalı və vəziyyətində hər hansı pozulma aşkar etdikdə dərhal həkimə müraciət etməlidir.
Tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, hava temperaturunun enməsi və qalxmasında meteohəssas insanlar daha diqqətli olmalıdırlar:
“Meteohəssas insanlar hava soyuq və ya isti olan zaman özündə narahatçılıq hiss edir. Bu xəstəliklər qrupuna ürək-damar sistemi, ayaq-oynaq hərəkəti aparatı sistemi, yuxarı tənəffüs yollarında problemi olan insanlar aiddir. Təbiətdə elə ağaclar var ki, onlar çiçəkləyən zaman pambıq tozlar havaya qalxır və insanlara mənfi təsir göstərərək allergik simptomlar ortaya çıxır. Bu günkü istilər aprel ayına uyğun deyil. Daha çox iyun ayına təsadüf edən istilərdir. Tempraturun kəskin qalxması və atmosfer təzyiqində olan dəyişikliklər xəstələrə pis təsir edir. Ürək-damar xəstəliyi olan insanlar və başqa xəstəliyi olan insanlar günəş şüaları altında çox gəzməsinlər. Gün vurmalar, tənginəfəslik, , yorğunluq, təzyiqin nəbzin aşağı düşməsi baş verir. Meteohəssas insanlar belə havada çölə çıxarlarsa özləri ilə yanlarında istifadə etdikləri həbləri götürsünlər”.