Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununa əsasən avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər", - deyə qurum qeyd edib.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az”a bildirib ki, hazırda taksi islahatı gedir:
“Taksi islahatının tərkib hissəsi olaraq keyfiyyət parametrləri müəyyən olunub və yaşa görə müəyyən məhdudiyyətlər olacaq. Taksiyə tələbat ona görə var ki, ictimai nəqliyyat istənilən səviyyədə deyil. İstənilən səviyyədə olması üçün investisiya yatırılmalı, üstünlük təmin olunmalı və ictimai nəqliyyata gedən yol bariyersiz olmalıdır. Fərqli hərəkət iştirakçıları üçün səkilər azad edilməli, dayanacaqlar əlçatanlğı artmalı və avtobusların yan alması üçün müasir yanaşmalar olmalıdır. İctimai nəqliyyatın üstünlüyünü təmin edən avtobus zolağı, mikromobillik vasitələri üçün velozolaq təşkil edilməli və sərt nəzarəti olmalıdır. Bu zaman insanların prioriteti dəyişəcək. İnsanlar artıq avtomobilə meyillilikdənsə daha da alternativ növlərı yönələcək. Bizim gündəlik mövzumuz ictimai nəqliyyatın keyfiyyətinin artırılması və sərt nəzarətin təmin olunması önündəki bariyerin aradan qaldırılması olmalıdır. Başqa çıxış yolumuz yoxdur. Yağış yağdı taksi bahalaşdı, taksinin sayı azaldı mövzusunda nə qədər danışmaq olar. Taksinin bu sayda olması fəsaddır.”